Bakı. Trend:
“Barselona” bu qış heyətini “Levante”nin hücumçusu Karl Eyonqla
gücləndirə bilər.
Trend “Mundo
Deportivo”ya istinadən məlumatına görə, oyunçunun özü yanvar ayında
Kataloniya klubuna qoşulmaq və yaya qədər icarə əsasında hazırkı
komandasında qalmaq istəyir.
Jurnalist Rocer Torelloya istinadən “Marca”nın verdiyi məlumata
əsasən, 22 yaşlı futbolçu “blauqrana”dan əlavə, “Real Madrid”,
“Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal”ın da maraq
dairəsindədir.
Vurğulanır ki, “Barselona” Eyonqu mövsümün sonunda müqaviləsi
başa çatacaq 37 yaşlı hücumçu Robert Levandovskinin əvəzedicisi
kimi görür. Kamerunlu futbolçunun müqaviləsində La Liqa klubları
üçün 30 milyon avro, Premyer Liqa klubları üçün isə 40 milyon
avroluq sərbəst qalma bəndi var.
Bu mövsüm Eyonq İspaniya liqasında 10 oyunda meydana çıxıb, altı
qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı
məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

