
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə
Gələcəyin Peşələri Sammiti keçirilib.
Trend
xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, “Gələcəyə tərəf” devizi altında Naxçıvan
şəhərində baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə və
bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş
dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və
məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu
ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını
dəstəkləməkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir
Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun
Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal
Nəsirli, Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən
Fərid Bağırzadə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus
İsayev, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin
sədri Vüqar Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri
Sadiq Əliyev, digər dövlət qurumlarının rəsmiləri, özəl sektorun
nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan
resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf
mentorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samir Seyidəhmədli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral
tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də insan
kapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimi
müəyyən edildiyini, Naxçıvan Muxtar Respublikasında da bu
istiqamətdə mühüm addımlar atıldığını bildirib.
O, muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi,
təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərin
innovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və s.
sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd edib.
Vurğulanıb ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada
yeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalının
gücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələri
artıq bu gündən formalaşır və bu baxımdan, muxtar respublikada yeni
istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının
genişləndirilməsi xüsusi önəm kəsb edir.
Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq
siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan
kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə
ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd
edib.
Nazir müavini bildirib ki, Naxçıvan MR-da da hazırda yenilənən
iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının
üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. Bu
Sammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasına
dəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsil
müəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgə
səylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını daha
inklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik.
Digər çıxış edənlər də Sammitin əhəmiyyətini, gələcəyin əmək
bazarına hazırlıq baxımından belə tədbirlərin və vahid müzakirə
platformasının yaradılmasının vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və
“Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil
olunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və
gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə
və bacarıqlarında gözlənilən yeniliklər, bu yeniliklərə adaptasiya
yolları, gələcək əmək bazarına hazırlıq, bununla bağlı Naxçıvan
MR-də qarşıda duran çağırışlar müzakirə edilib.
Növbəti Gələcəyin Peşələri Sammitinin bu ay Bakı şəhərində
keçirilməsi nəzərdə tutulub.


