
Bakı. Trend:
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi
və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı
Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və bir
nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən
iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Serbiyadakı
Səfirliyindən məlumat verilib.
“Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və
çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə
də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə
zəruri tədbirlər görür.
Bir nəfər vətəndaşımızın saxlanılması ilə bağlı Monteneqro
hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ
diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan
vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və
mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı
kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin
tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə
səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə
edirik”,- deyə məlumatda qeyd edilib.

