
Bakı. Trend:
Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda
təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb,
təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin
yeni qida normalarını müəyyənləşdirib. Yeni qərar ilə tibb və
təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq
edilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, sosial sahəyə aid olan müəssisələrdə xidmət alan
şəxslər üçün də orta sutkalıq qida normalarının təsdiqi də
reallaşıb.
“Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə
yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida
normaları təsdiq edilib. Belə ki, əvvəlki qanunvericilikdə sosial
sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu
və bu da institutsional olaraq onların bu imkandan tam
faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan
qaldırdı.
Artımlara gəldikdə isə, yeni normalarda artımlar da təsdiq edilib
və bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin
ayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrin
fəaliyyətlərinin səmərəlliyinin artmasına və maddi və sosial
təminatının daha da gücləndirilməsinə imkan verəcək.
Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan
vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki,
yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq
olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına
səbəb ola bilər. Təbii ki, bu həmçinin həmin qurumlarda xidmətin
keyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni
normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox
vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial
təminatının gücləndirilməsinə xidmət edəcək”,- deyə millət vəkili
əlavə edib.


