
Bakı. Trend:
Qazaxıstanın Türküstan vilayətində Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, “Qarabağ” Etnomədəni Birliyi və Əhməd Yasəvi
Universitetinin təşkilatçılığı ilə “Millətlərarası Dostluq” Türk
Dünyası Gənclərinin Forumu keçirilib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Forumda iştirak edən
millətlərin mədəniyyətlərini əks etdirən sərgi və milli mətbəx
nümunələri nümayiş olunub.
“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva çıxış
edərək forumun əhəmiyyətindən danışıb, bu kimi tədbirlərin
gənclərin millətlərarası münasibətlərdə müsbət rolunu artırdığını
və Türk dünyası xalqları arasında mədəni inteqrasiyanı
gücləndirdiyini deyib.
Türküstan vilayəti dövlət qurumlarının nümayəndələri öz
növbələrində gənclərə uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın
vacibliyini qeyd ediblər.
Tədbir Azərbaycandan gələn müğənnilərin ifaları və müxtəlif
millətləri təmsil edən gənclərin milli rəqslərindən ibarət bədii
proqramla yekunlaşıb.


