Bakı. Trend:
Finlandiyada vətəndaşlıq almaq üçün tələbləri əhəmiyyətli
dərəcədə sərtləşdirən yeni qanun 2025-ci il dekabrın 17-dən qüvvəyə
minəcək.
Trend xəbər verir
ki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasının
rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləri
təsdiqləyib.
Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliri
olmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslər
Finlandiya vətəndaşlığı ala bilməyəcək. Əgər şəxs son iki ildə üç
aydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rədd
ediləcək.
Bundan əlavə, vətəndaşlıq Finlandiyanın həyati maraqlarını
təhdid edən cinayətlərə görə, o cümlədən terrorizm, satqınlıq və
dövlətə xəyanət səbəbindən ləğv edilə bilər. İkili vətəndaşlığı
olan şəxslər üçün vətəndaşlığın ləğvi üçün nəzərdə tutulan cəza
müddəti beş ildən iki ilə endirilib. Həmçinin yalan məlumat verməyə
görə vətəndaşlığın ləğvi də mümkündür.
Bu tədbirlər, 2023-cü ildə başlanan daha geniş immiqrasiya
islahatının bir hissəsidir. Bundan əvvəl Parlament vətəndaşlıq
almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə
qədər artırmışdı. Yeniliklər Helsinkidə etirazlara və kütləvi
nümayişlərə səbəb olub.

