
Bakı. Trend:
Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5
illiyi münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filminin
qala-premyerası keçirilib.
Trend-in
məlumatına görə, film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun
təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin və
YAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub.
Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad
edilib, Dövlət Himni səsləndirilib.
Qala gecəsində IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Aytac
Bəybalayeva və finalçılardan biri Kənan Novruzov musiqi nömrələri
ilə çıxış ediblər. Tədbir çərçivəsində Zəfərimizlə bağlı
videoçarxlar da təqdim olunub.
Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Gəray
Həsən AZƏRTAC-a açıqlamasında bildirib ki, ekran əsəri Mir Cəlal
adına Hekayə Müsabiqəsinin mükafatçısı, mərhum yazıçı Yaşar
Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Əsas
rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və
Niyaz İlyasoğludur. Film iki ay ərzində ərsəyə gəlib, çəkiliş
prosesi isə iki həftə davam edib.
Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını
canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi
qalacağını söyləyib. O, kino sahəsində çalışanların qələbəmizə
bədii, audiovizual formada töhfə verdiyini qeyd edərək deyib:
“Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan
şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindən
ayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi
mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir.
Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox
insanın izləməsinə səbəb olsun”.
Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani Operating
Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev ölkəmizdə güclü
iqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafının milli
dirçəlişin əsasını təşkil etdiyini diqqətə çatdırıb. “Balaxanı
neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı
məkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizin
bünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürur
duyuruq”,- deyə R.Rzayev əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev bildirib ki, gənclər siyasətinin, mədəniyyət və təhsil
sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bu gün gənc
nəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır. “Qürurverici haldır
ki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıq
ruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, o
cümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildə
çalışırlar. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin və
ədəbiyyatın təbliği, onların yaşadılması istiqamətində mühüm
layihələr həyata keçirir. “Zəfər rəqsi” filmi də bu dəyərli
təşəbbüslərdən biridir. Qürurla qeyd etmək istəyirəm ki, bugünədək
40 mindən çox gənc “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərib.
Eyni zamanda, YAŞAT Fondunun fəaliyyəti çərçivəsində 18 mindən çox
şəhid ailəsi ilə görüşlər keçirilib, onların sosial rifahı
istiqamətində mühüm tədbirlər görülüb. Şəhid övladlarının adına
depozit hesabları açılır və bu vəsaitlər uşaqlar 6 yaşına çatdıqdan
sonra onların istifadəsinə verilir. Bundan əlavə məktəb
ləvazimatlarının təminatı, YAŞAT düşərgələrinin təşkili kimi sosial
layihələr də davamlı şəkildə həyata keçirilir”.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq
Mehrəliyeva bu filmin Azərbaycan xalqının qəhrəmanlığına, Vətən
müharibəsindəki şücaətinə ithaf olunduğunu qeyd edib.
Daha sonra ekran əsəri nümayiş olunub.
Qeyd edək ki, “Zəfər rəqsi” filmi noyabrın 8-i – Zəfər Günündə
İctimai Televiziyada geniş tamaşaçı auditoriyasına təqdim
olunacaq.

