Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibətilə təbrik
məktubu ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü
münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı
çatdırmaqdan məmnunluq duyuram.

Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları,
iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə
yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan
əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin
nəticəsidir.

Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası
əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş
ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət
ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd
etdiyimiz “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası
arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında
Müqavilə” dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani
şəkildə əks etdirir.

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı
anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə
də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat,
investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər
sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin
yaradır.

Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim
zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız
sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində
sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı
strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi,
əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə
səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali
dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim
əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.