
Bakı.Trend:
Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə
səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının
intensivliyini yüksəldir.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu
səfərə hazırlaşan sürücülərə müraciətində deyilir.
“Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin
olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib,
patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
Lakin müşahidələr göstərir ki, bəzi hallarda sürücülər
tərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik,
diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli
yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşan
sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün
nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz
avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə
zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol və
hava şəraitini nəzərə almağı tövsiyə edir.
Eyni zamanda uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək,
yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti
yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.
Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət —
təhlükəsizliyin əsas təminatıdır”, -deyə məlumatda qeyd olunub.


