
Bakı. Trend:
Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milli
iqtisadi siyasətin ən vacib prioritetlərindəndir.
Trend xəbər verir
ki, bunu bu gün Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziri
Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT)
üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar
nazirlərinin II iclası çərçivəsində bildirib.
“Apardığımız dövlət sənaye siyasəti sənayenin dayanıqlı
inkişafına nail olmağa, onun ÜDM-də payını artırmağa, həmçinin
sənaye məhsullarının ixrac potensialını və rəqabət qabiliyyətini
yüksəltməyə yönəlib”, – deyə o bildirib.
Sıdıkov qeyd edib ki, Qırğızıstanın TDT ölkələri ilə ticarət
dövriyyəsinin böyük hissəsi sənaye ehtiyaclarına yönəlmiş mallardan
ibarətdir ki, bu da sənaye əməkdaşlığının inkişafından xəbər verir.
O əlavə edib ki, ilin əvvəlindən Qırğızıstanın TDT ölkələri ilə
ticarət dövriyyəsi 1,7 milyard dollar təşkil edib.
Onun sözlərinə görə, son üç ildə Qırğızıstanda maşınqayırma,
yüngül sənaye və qida emalı sahələrində yüzlərlə yeni sənaye
müəssisəsi açılıb.
“Qırğızıstan birgə layihələrin inkişafına, qarşılıqlı
investisiyaların artırılmasına və biznes mühitinin
yaxşılaşdırılmasına səy göstərir. Əminik ki, bu, bütün ölkələrimizə
yüksək nəticələr əldə etməyə və qlobal çağırışlar şəraitində inamla
irəliləməyə imkan verəcək. Bu baxımdan Türk İnvestisiya Fondunun
rolunu qeyd etmək vacibdir. Ümid edirik ki, onun layihə fəaliyyəti
bütün tərəflər üçün əhəmiyyətli sənaye layihələrinin
reallaşdırılmasına imkan yaradacaq”, – deyə Sıdıqov əlavə edib.

