
Bakı. Trend:
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən
Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə
rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən
sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil
edilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat
yayıb.
Bildirilib ki, yeni zolaq artıq effektivliyini sübut etmiş
Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına
birləşdirilib:
“Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla
sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin
olunub.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə
130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu
avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda
qalmayaraq rahat daşınması həyata keçirilir”.
“Məlumat üçün bildirək ki, gündəlik Xırdalan şəhəri və Masazır
qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.
Eyni zamanada, görülən işlər çərçivəsində Tbilisi prospektində
mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və
əlaqəlilik təmin edilib. Belə ki, prospektin “20 Yanvar”
dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində
xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə
sıxlıqda qalmasının qarşısı alınıb.
Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi psospektinin
Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi
genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub.
Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq
qalıb.
Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5
müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir
və bu avtobuslarla 35 000-dək sərnişin daşınır”, – qurumdan əlavə
olunub.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə
vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların
əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət
etməyə çağırış edirik.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi
hərəkət zolaqları şəbəkəsinin təşkili və əlaqələndirilməsi ilə
bağlı tədbirlər davam etdirilir.


