
Bakı. Trend:
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz
göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş
proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat
çox nəzərdə tutulub.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı il üzrə proqnozların tərtibi
zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən
artım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2
faiz) nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması
zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln.
manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik
dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88
mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal
əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi
nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının
indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59
mln. manatadək olması gözlənilir.
Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və
bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən
müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində
dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi
1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri
təqribən 72,0 mln. manat ətrafında gözlənilir.
2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən
537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat
ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.


