
Bakı. Trend:
“Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının,
həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes
inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nda
dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, idarəedici təşkilat inkubatorun qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi
barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada
məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş
günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi
üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici
təşkilata təqdim edilir.
Belə ki, ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını
təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat
şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir
və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət
rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdə
tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən
inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə
məlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.


