
Bakı. Trend
Bu ilin sentyabr ayının sonuna Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073 milyard manat
olub.
Trend bu
barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
1,9 milyard manat və ya 12,9% azdır.
Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Fondun büdcə
gəlirləri 15,004 milyard manat idi.
Hesabat dövründə Fondun büdcə xərcləri 10,918 milyard manat
təşkil edib ki, bu da, illik müqayisədə 1,3 milyard manat və ya
13,3% çoxdur.
2024-cü ilin birinci rübündə Fondun büdcə xərclərinin həcmi
9,634 milyard manat idi.
Bəhs olunan dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata
keçirilməsi ilə bağlı gəlirləri 7,838 milyard manat, o cümlədən,
mənfəət neftinin və qazın satışından 7,069 milyard manat, bonus
ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.
Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6,184 milyard manat,
Şahdəniz yatağından isə 697 milyon manat məbləğində vəsait daxil
olub.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər
5,236 milyard manat təşkil edib. Valyuta məzənnələrinin
dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri
hesabat dövrü üzrə 15,066 milyard manat olub.
2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam
edən layihələrə 34,3 milyon manat yönəldilib. O cümlədən,
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1
milyon manat vəsait sərf edilib.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri
22,9 milyon manat təşkil edib. Məlumat üçün qeyd edək ki, ARDNF
tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan
Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən
hərraclarda 4,350 milyard ABŞ dolları məbləğində vəsait
satılıb.
Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə
olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və
gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin
yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və
məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.
ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması,
maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən
asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin
edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm
ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa
edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə
edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək
nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə
yönəldilib.

