Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və
Deloitte Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən “Best
Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi rəsmi olaraq
elan olunub. Layihənin növbəti mərhələsinin reallaşdırılması
məqsədilə tərəflər bu il də əməkdaşlıq müqaviləsini
imzalayıblar.
Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə
layihənin əhəmiyyəti, tərəfdaşların ortaq səyləri və proqramın bu
il ölkəmizdə 5 illik yubileyini qeyd etməsi xüsusi vurğulanıb.
Bu nüfuzlu biznes müsabiqəsinin əsas məqsədi Azərbaycanın
aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə
təcrübələrinin tətbiqini təşviq etməkdir. “Best Managed Companies”
proqramı Deloitte Private tərəfindən hazırlanmış və özəl sektora
yönəlmiş qabaqcıl beynəlxalq layihələrdən biridir.
Proqram Azərbaycanda Deloitte Azərbaycan və PAŞA Bank tərəfindən
sponsorlaşdırılır, Azərbaycan Biznes İnkişaf Fondu, ADA
Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya və Radio
Yayımları Şirkəti isə tərəfdaş qismində iştirak edirlər.
Cavid Quliyev, PAŞA Bankın İdarə Heyətinin sədri:
“Best Managed Companies” proqramı artıq ölkəmizdə 5-ci ildir ki,
uğurla həyata keçirilir. Biz PAŞA Bank olaraq, bu təşəbbüsün
Azərbaycanın biznes mühitinin inkişafına verdiyi real töhfədən
böyük qürur duyuruq.
Müsabiqə şirkətlərə beynəlxalq standartlara uyğun mükəmməl
idarəetmə sistemləri qurmaq, şəffaf və effektiv biznes modelləri
formalaşdırmaq üçün unikal imkan yaradır. Əminik ki, bu proqram
ölkə iqtisadiyyatının sağlam və dayanıqlı inkişafına dəstək
göstərməyə davam edəcək.”
Nuran Kərimov, Deloitte Azərbaycanın İdarəedici Partnyoru: “Best
Managed Companies” layihəsi artıq Azərbaycanda beşinci ilini qeyd
edir. Bu təşəbbüs ölkəmizdə biznesin inkişafına, şəffaf
idarəetmənin və davamlı böyümənin təşviqinə mühüm töhfə verib.
Proqram sayəsində yerli şirkətlər beynəlxalq standartlara uyğun
idarəetmə modellərini tətbiq edir və bizneslərini növbəti səviyyəyə
daşıyırlar. Biz Deloitte Azərbaycan komandası olaraq “Best Managed
Companies” layihəsinin Azərbaycanda sahibkarlığın inkişafına
verdiyi töhfədən böyük qürur duyuruq.”

“Best Managed Companies” mükafat proqramı ilk dəfə 1993-cü ildə
Kanadada təsis edilib və bu günə qədər ölkənin ən nüfuzlu biznes
mükafat proqramlarından biri kimi tanınır. Layihə hazırda 46
ölkədə, o cümlədən Çin, ABŞ, Cənub-Şərqi Asiya, Niderland, Belçika,
Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə,
Meksika və Çilidə uğurla həyata keçirilir.
Azərbaycanda isə proqram 2021-ci ildən etibarən keçirilir.
İndiyədək 50-yə yaxın şirkət iştirak edib və 11 şirkət “Best
Managed Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblər
arasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect
Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə
qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il
ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat
laureatı) və Azərsun Holdinq yer alır.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsində iştirak
üçün müraciətlər 23 oktyabr 2025-ci il tarixindən etibarən qəbul
olunur. Müraciət üçün linkə keçid edin.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.

