Lisenziya müqaviləsinin forması və bağlanılma qaydaları təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq
edilib.

Trend-in
məlumatına görə, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov
müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda “Lisenziyalar və icazələr haqqında”
Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı
obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət
növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin (bundan
sonra – lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasını
müəyyən edir.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və
fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin
quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı
göstərilməklə) lisenziya verildiyi tarixdən 30 (otuz) gün
müddətində İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) ilə
lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada bağlanılır. Lisenziya
müqaviləsi müddətsiz bağlanır.

Bu Qaydada istifadə olunmuş anlayışlar “Lisenziyalar və icazələr
haqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdə
tutulan mənaları ifadə edir.

Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə
yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici
hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də
möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.




Nazirlik lisenziya verildiyi tarixdən 30 (otuz) gün ərzində
lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim
edir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla,
tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə
bilməzlər.

Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya
sahibinə “İnzibati icraat haqqında” Qanununun 62-ci maddəsində
nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.

Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün
müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr
yaratmır.

Lisenziya müqaviləsi Mülki Məcəllədə və “İnzibati icraat
haqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.

Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbul edilib,
oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
oktyabrın 22-də qüvvəyə minib.