Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert
cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin
rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa
keçirilib.

Trend xəbər
verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif
Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva,
Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira
Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti
nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il
tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna
uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən
çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında
sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin
normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə
etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə
ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və
perspektivlərinə xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan
Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə
görüşüblər.

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti
institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb
olunmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və
regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə
təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.