
Daşkənd. Trend:
“Uzbekneftqaz” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti ilə Üstyurt
yaylasında geokəşfiyyat işlərinin aparılması və onların
sürətləndirilməsinə dair Məhsulun Pay Bölgüsü Sazişinin həyata
keçirilməsinə həsr olunmuş danışıqlar aparıb.
Trend bu barədə
“Uzbekneftqaz” SC-yə istinadən məlumat verir.
Görüş “Türkmənistanın Nefti və Qazı -2025” beynəlxalq sərgisi və
konfransı (OGT-2025) çərçivəsində baş tutub
Danışıqların yekununda tərəflər sahə işlərinin
sürətləndirilməsi, tələb olunan texniki və logistika resurslarının
təmin edilməsi, eləcə də layihənin cari mərhələsinin
səmərəliliyinin artırılmasına yönəlmiş kompleks tədbirlər barədə
razılığa gəliblər.
Tərəflər, həmçinin süni intellekt alətlərinin, rəqəmsal həllərin
və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sahəsində
əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərini razılaşdırıblar. Bu,
istehsalın səmərəliliyinin artırılmasına, xərclərin
optimallaşdırılmasına və ekoloji dayanıqlığın təmin edilməsinə
imkan yaradacaq.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftqaz” və
SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş
imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmik
kəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıq
işlərinə start verilib.

