Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təlim proqramı başlayır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və
Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews”
telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris
platforması olan “Euronews Academy”nin “TV və canlı jurnalistika”
mövzusunda təlim proqramı fəaliyyətə başlayır.

Agentlikdən Trend-ə verilən məlumata görə, ingilis dilində tədris
olunacaq təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və
kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə
marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi
tələbələri müraciət edə bilərlər.

Təlimlər “Euronews” telekanalının televiziya yayımı sahəsində
böyük təcrübəyə malik mütəxəssisləri – “Euronews”un Astana
bürosunun rəhbəri Bojan Brkiç və “Euronews”un Avropa İttifaqı üzrə
baş müxbiri Sergio Kantonenin iştirakı ilə keçiriləcək.

Cari ilin noyabr ayının ikinci həftəsini əhatə edən layihə
çərçivəsində “Televiziya xəbərlərinin hazırlanması”, “Televiziya
reportajları və canlı yayım”, “Xəbər istehsalı (yayıma hazırlıq)”,
“Kamera qarşısında danışmaq” və “Müsahibə” modulları istiqamətində
tədris prosesi təşkil olunacaq.




Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılara sertifikat
təqdim olunacaq.

Təlim proqramına müraciət qəbulu 1 noyabr 2025-ci il 18:00
tarixinədək davam edəcəkdir.

İştirak şərtləri və seçim meyarları: https://www.euronews.com/academy-azerbaijan

Suallar üçün: [email protected]