Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi açılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company”
LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı
dəmir yollar” adlı fotosərginin açılışı olub.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilib ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində
Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı
əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu
fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş
olunur.

“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye
və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin — neft və dəmir
yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.
1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı
xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti
vaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədi ki, həmin
dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri, Abşeronun
mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və
onların ailələrini daşımağa başlayıb. 1926-cı ildə isə Bakıda
keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyə
verilib. Həmin xəttin qatarları bu gün Dəmiryol Muzeyinin
yerləşdiyi binadan Sabunçuya yola düşürdü.