Azərbaycan-Mərkəzi Asiya münasibətlərindəki “5+1” formulu siyasi və tarixi reallığa çevrilib – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə
bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

Trend xəbər
verir ki, H.Hacıyev paylaşımında Prezident İlham Əliyevin son
aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç dəfə –
Türkmənistan, Tacikistan və Qazaxıstana səfər etdiyini
xatırladıb.

“Əvvəllər Azərbaycan-Mərkəzi Asiya münasibətləri çox vaxt “5+1”
formulu ilə xarakterizə olunurdu — bu, beş Mərkəzi Asiya ölkəsi ilə
yanaşı, Azərbaycanın ayrıca tərəfdaş kimi iştirakını simvolizə
edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi ifadədən çıxaraq
siyasi və tarixi reallığa çevrilib. Hətta bu münasibətləri kimyəvi
bir prosesə bənzətmək olar — o, vahid “altılığ”a çevrilib. Bu isə
ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığı əsasında bu
ölkələr arasında dərinləşən inteqrasiyanı, birgə geosiyasi məkan və
ortaq taleyi əks etdirir”, – deyə Prezidentin köməkçisi qeyd
edib.