Heydər Əliyev Mərkəzində incəsənət həftəsonunda caz konserti keçiriləcək (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Bakıya Uçuş. İncəsənət
Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the
Future NOW) layihəsinin açılış tədbirlərinin ardından caz konserti
təşkil olunacaq.

Trend xəbər
verir ki, konsertdə ABŞ-dən əfsanəvi Şeril “Pepsii” Rayli (Cheryl “Pepsii” Riley) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz
improvizasiyalarının unikal sintezindən ibarət proqram təqdim
ediləcək.

Şeril “Pepsii” Rayli (Cheryl “Pepsii” Riley) və “Interplay”
qrupu paytaxtımızda 20-ci Bakı Caz Festivalı günləri çərçivəsində
çıxış edir. Heydər Əliyev Mərkəzində təşkil ediləcək konsert 20-ci
Bakı Caz Festivalının bağlanış tədbiri olacaq.




Bruklində doğulan Şeril karyerasına fiziki məhdudiyyətli
uşaqlara qulluq edən tibb bacısı kimi başlayıb. O, “Thanks for My
Child” adlı duyğulu ballada ilə beynəlxalq şöhrət qazanıb. Bu mahnı
1988-ci ildə Billboard R&B çartında birinci yerədək yüksəlib.
O, güclü səsi və səmimi ifası ilə yanaşı, həm də aktrisa kimi
tanınır.

“Interplay” əməkdaşlıq və yaradıcılıq ruhunu təcəssüm etdirən,
caz və sərbəst improvizasiyaları sintez edən triodur.