
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci ilin oktyabrın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Trend müraciəti
təqdim edir:
Prezident İlham Əliyevin müraciəti
– Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında
yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını
sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan
düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz
torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları
bundan sonra da öz torpaqlarımızdan qovacağıq.
Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni
xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad
xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir
şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi
böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim
hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət
eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim
hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı
hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim
yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu
şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu
namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda,
Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız
düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr
nəticəsində dinc əhali həlak olur – uşaqlar, qadınlar, qocalar.
Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud
deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan
Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün,
bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə
qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı
mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il
ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı.
Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii
resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların
xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq
kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər
dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə
də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib,
tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan
edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı
bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları
əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin
adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər,
kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı
erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər,
Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya
göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma
dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının
timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər
biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır.
Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara
Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar,
sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki,
vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan
xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv
etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı
kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında
demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu
məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim
dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün
şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış
astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki,
Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara
qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və
bu torpaqlarda həyat canlanacaqdır.
Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə
yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait
yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər
üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300
mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu
qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı
görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən
bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza
qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər
ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə
inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara
qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək
lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki,
biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş
bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm.
Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm
Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa
edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.
30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal
edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu
göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər.
Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə
olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş
torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində
minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı
yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da –
Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim
kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb,
ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar.
Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara
qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan
didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə
insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respublikasını” tanımayıb. İndi onlar əlləşirlər,
vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar.
Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək,
başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün
dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün
əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün
çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo
yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə
yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri,
onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki,
status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu
bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar
masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı.
Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq
aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik.
Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim,
bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq
hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu
qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə
üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra
mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan
sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq
hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən
çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim
yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil.
Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir,
məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və
ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan
vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə
diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin
həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu,
beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə
biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu
münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT
Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər
göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar
qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış
sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və
ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu
münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap
dilənçi kimi, lap düşük kimi, – bağışlayın, ifadəmə görə, amma
onlar hər bir ifadəyə layiqdirlər, – aparan Ermənistan rəhbərliyi
gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar
göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar
necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu
qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq
birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan
ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə
planlarımız yoxdur, – baxmayaraq ki, onlar Gəncəni Ermənistan
ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların
yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki,
biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz
şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax,
beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi
ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola
bildik.
Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir.
Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara
layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan,
bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün
bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur,
Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində
Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa
atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı.
Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim
qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq.
Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş
torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək
istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq
etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki,
sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz
xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır,
danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı
çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran
ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq
istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır.
Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma
yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr
haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan
xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir.
Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra
bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının
əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir
çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında
yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin
bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat
veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan
var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı
deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış
istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan
atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. O
təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma
ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs
kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan
danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də
yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə
yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar
gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk
ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər.
Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün
müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş
vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan
xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara
toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da
müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra
onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə
qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə
vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək
olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.
Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə
sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz
torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü
bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ
nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş
torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.
Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram.
Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin,
şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu
xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt
bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz
xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük
rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil,
eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər
üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına,
onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii
relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan
qarış-qarış azad edirik. Çox çətin məsələdir.
Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm,
Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə
onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu
döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin.
Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat
və məlumatın həcmi tam kifayətdir.
Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına
yeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi
qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma
çatdırıram.
Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət
kimi götürülüb – toplam 280 tank. Amma yenə də hələ ki, tanklar
var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində.
Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni
tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara
monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax,
biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini
təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim
əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə
atəş açırlar.
Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi
götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya
qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib,
12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət
kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad”
qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” (Yaylım Atəş Raket
Sistemi) məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket
kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan
ictimaiyyətinə çatdıranda iki “S-300” zenit-raket kompleksi məhv
edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir
kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi
texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın
OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket
kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki
əməliyyat-taktiki raket kompleksi – “Elbrus”, bir ballistik raket,
bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv
edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla
dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi
götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv
edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.
İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış
məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi
ilə çatdırıram.
Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar,
Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı
Aybasanlı.
Cəbrayıl rayonu – azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı,
Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.
Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını
çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin
keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı
verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı
mübarək olsun!
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu
ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad
olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış
məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi,
Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və
Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər,
cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz
missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk.
Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin
belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan
xalqına!


