Bakı. Trend:
Səudiyyə Ərəbistanı dünyanın ən böyük məscidi olan
əl-Məscidül-Həramın yanında yerləşəcək “Kral Salman Qapısı” adlı 12
milyon kvadratmetrlik nəhəng tikinti layihəsini elan edib.
Trend xəbər verir
ki, layihənin başlanmasını Vəliəhd şahzadə və baş nazir Məhəmməd
bin Salman bin Əbdüləziz Əl Səud açıqlayıb. Bu təşəbbüs
iqtisadiyyatın şaxələndirilməsi üzrə “Milli Baxış 2030” proqramının
bir hissəsidir.
Məlumata görə, “Kral Salman Qapısı” əl-Məscidül-Həramın yanında
yerləşən çoxfunksiyalı kompleks olacaq. Layihənin məqsədi Məkkənin
infrastrukturunun inkişafında keyfiyyət dəyişikliyinə nail olmaq və
şəhəri qlobal şəhərsalma modelinə çevirməkdir.
Planlara əsasən, 2036-cı ilə qədər kompleks 900 min dindarı
qəbul edə biləcək. O, qapalı ibadət zalları, açıq həyətlər, yaşayış
binaları, mədəniyyət və xidmət məkanlarını əhatə edəcək.
Layihə çərçivəsində həmçinin 19 min kvadratmetr mədəni-tarixi
ərazinin bərpası və 300 min yeni iş yerinin yaradılması nəzərdə
tutulur.

