Azərbaycanın Birinci vitse-prezidenti Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş
keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər
Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti
işləri ilə tanış olub.

Trend xəbər verir
ki, keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci
vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər
barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr
Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və
1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində
inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan
biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi
məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan
başlayaraq indiyədək bütün papaların mozaika portretləri
yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi
üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil
olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli”
çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər
Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər
örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin
olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi
Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov imzalayıblar.