
Bakı. Trend:
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq
etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv
dövlətlərin əmək nazirlərinin 6-cı konfransında iştirak etmək üçün
Qətər Dövlətinin paytaxtı Doha şəhərində səfərdədir.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Anar Əliyev konfransda iştirak etmək üçün Qətərə
gəlmiş İndoneziyanın işçi qüvvəsi naziri prof. Yassierli ilə
görüşüb. Azərbaycan ilə İndoneziya arasında münasibətlərin dostluq
məcrasında inkişafından bəhs edilib. Əmək və məşğulluq sahəsində də
əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu
vurğulanıb. Bu sahədə təcrübə və məlumat mübadilələrinin
aparılmasının əhəmiyyəti qeyd edilib.
Həmçinin Qətər Dövlətinin əmək naziri dr. Ali bin Saeed bin
Samikh Al Marri ilə görüş olub. Azərbaycan-Qətər münasibətlərinin
iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək
səviyyədə olduğu və daim inkişaf etdiyi, ölkələrimiz arasında
beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində də səmərəli
əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Hər iki görüşdə Azərbaycanda son illər əmək və məşğulluq
sahəsində aparılan islahatlara, aktiv məşğulluq proqramlarının
genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət
qabiliyyətinin artırılması sahələrində görülən işlərə dair
məlumatlar verilib.
İƏT-in Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv
ölkələr arasında əmək və məşğulluq sahəsində əlaqələrin
genişlənməsində rolu qeyd edilib, gələcək əməkdaşlıq, təcrübə
mübadilələrinin aparılması məsələləri müzakirə olunub.
Doha şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 6-cı
konfransına hazırlıqla bağlı yüksək səviyyəli rəsmilərin görüşü də
olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Rəşad Mustafayev iştirak edib.


