
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də TÜRKPA-nın
Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Trend
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, spiker Sahibə Qafarova təşkilatın Baş katibini
yeni fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri
bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi,
qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin,
qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da
möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol
oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın
dərinləşməsinin əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Türk
Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı
faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib və ortaq
maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platforma kimi çıxış
edir.
Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində
fəaliyyətə böyük önəm verir. Spiker Sahibə Qafarova deyib ki, Milli
Məclisin TÜRKPA çərçivəsində əməkdaşlığının, həmçinin təşkilata üzv
ölkələrin parlamentləri ilə əlaqələrinin mahiyyətində Prezident
İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz
yoxdur” fikri dayanır.
Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli
və məqsədyönlü həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi
aparılıb.
TÜRKPA-nın Baş katibi Ramil Həsən göstərilən etimada görə,
minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın bundan
sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş
ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da
dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini
bildirib.
Görüşdə TÜRKPA-nın Baş katibinin müavinləri Talqat Aduov, Sakı
Sadıkov və Muhammet Alper Hayali də iştirak ediblər.


