Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır – Sahibə Qafarova

Baş səhifə

Bakı. Trend:

Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər
əməkdaşlıq xarakteri daşıyır. Məhkəmə islahatlarına dair
təşəbbüslər tez-tez parlamentdə müzakirə olunur, təkmilləşdirilir
və təsdiq edilir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə baş
tutan Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası
çərçivəsində Bakıda keçirilən “Məhkəmə hakimiyyəti və dövlətin
digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq
konfransın iştirakçıları ilə görüşdə deyib.

Spiker məlumat verib ki, Milli Məclisin hazırkı çağırışı 2024-cü
ilin sentyabrında keçiriən seçkilər nəticəsində formalaşıb. Bu
seçkilər müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində
keçirilib:

“Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20 %-i 30 il ərzində
Ermənistanın işğalı altında idi. 2020-ci ilin payızında 44 günlük
Vətən müharibəsi nəticəsində Qarabağ, Şərqi Zəngəzur işğaldan azad
edilib, 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri
ilə dövlətimizin suverenliyi bütün ərazimizdə bərpa olunub. Buna
görə də bu seçki azərbaycanlılar üçün tarixi əhəmiyyətə
malikdir”.

Sədr əlavə edib ki, 11 siyasi partiyanın nümayəndələri bir
palatalı Azərbaycan Parlamentinə seçiliblər.

“Parlamentin deputat mandatlarının əksəriyyəti cəmiyyətin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur.
41 üzv müstəqildir. 125 parlament üzvündən 26-sı qadındır. Bu,
əvvəlki dövrlərlə müqayisədə qadınların sayının artdığını
göstərir”, – deyə S.Qafarova vurğulayıb.