
Bakı. Trend:
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər
naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə
görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Finlandiya ikitərəfli
münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet
istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT
əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə
də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan
sülh prosesi müzakirə olunub.
Tərəflər ötən il COP-29 çərçivəsində Bakıda, eləcə də bu ilin
sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi
zamanı Nyu Yorkda liderlər arasında keçirilmiş görüşlərin
ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd
ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə
qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin
vacibliyini vurğulayıblar.
Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində
prioritetlərə toxunulub. Nazir Ceyhun Bayramov qeyd edib ki,
Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla
üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli
platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz
aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti
vurğulanıb.
Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş
ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri
qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə
Finlandiyalı həmkarını məlumatlandırıb.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib.
Nazir Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda
Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və
imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh
sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının
aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.
Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP)
layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası
baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq,
funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan
sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu
kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən
dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin
həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək,
Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin
vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji
vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində
praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını
vurğulayıb.
Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə
təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən
təşəbbüs göstərilən “Xəzər dənizi regionunda yaşıl limanların və
bağlantıların təşviqi” layihəsinin uğurla icra olunduğunu və artıq
üçüncü mərhələyə keçdiyini bildirib.
Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar
arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin
gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm
töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


