
Bakı. Trend:
AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və
badamın ixracına dair Protokol layihəsi imzalanıb
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli
əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin
irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən
ölkələrdən biridir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə
heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının
ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında
yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda
yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla
əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında
keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq
Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması,
karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi
imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi
sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni
imzalayıblar.
Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən
əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı
ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar
Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən
sahibkarlar üçün geniş imkanlar açır.
Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və
sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir
yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi
sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.


