Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və
ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev
sahibliyi edəcək.

Trend xəbər verir ki, “Bakıya
Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art
Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq,
dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə
olacaq.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə
təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevadır. O, tədbirin əhəmiyyətini
belə dəyərləndirir: “Bakıya uçuş – İndi duy. Bu çağırış dinləmək,
görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə
təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir
körpüdür”.

Tədbirin əsas mövzusu – suyu həyatın, yenilənmənin və
davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və
dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət
yönəltməkdir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Fly to Baku Art
Weekend. Sense the Future NOW” incəsənət festivalının açılışı
olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş
Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə
təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji
məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “My Seas,
My Oceans” adlı sərginin də açılışı olacaq.




Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi
olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər
vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən “Dance
Ability” qrupunun festival üçün hazırlanan immersiv tamaşası
nümayiş olunacaq. Həmçinin rəsmi açılış zamanı Amerikadan əfsanəvi
Cheryl “Pepsii” Riley (Şeril “Pepsii” Rayli) ilə “Interplay”
qrupunun ifasında “R&B” və caz improvizasiyasının unikal
qarışığından ibarət unudulmaz konsert baş tutacaq.

Festival müddətində Bakının bir çox simvolik abidələri – Heydər
Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar
Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və
şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox
təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv
texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq.
Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma
təşəbbüsləri vasitəsilə “İncəsənət həftəsonu” layihəsi həm
Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının
əks-sədasını ön plana çıxaracaq.

Festivalın proqramı olduqca zəngindir. Üçgünlük tədbir
müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin
Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası, Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və
ekologiyanı birləşdirən çoxşaxəli “Püstə ağacı: yaddaşın kökləri”
layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri, Firuzə
Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin
müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı
məşğuliyyətlərdən ibarət xüsusi proqram, “Baku Steel Art 2025”
festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir
sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq,
mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya
ziyarətləri də təqdim edəcək.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” yalnız
mədəniyyət tədbiri deyil; o, keçmiş ilə gələcəyi, yerli ilə
beynəlxalqı, ənənəvilik ilə yeniliyi özündə birləşdirən bir
körpüdür. Tədbir bütün dünyanı Azərbaycanın yaradıcılığını ən canlı
və çoxşaxəli şəkildə kəşf etməyə çağırır.

“İncəsənət həftəsonu”nun proqramına daxil olan bəzi sərgilər
oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi
planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi
saytdan izləmək mümkün olacaq. Hazırda bütün sual və təkliflər üçün
[email protected] ünvanına müraciət edə, buradan isə yenilikləri izləyə bilərsiniz.