Yaxın Şərq Sammiti qlobal siyasətdə Azərbaycanın sözünün nə qədər vacib olduğunu nümayiş etdirdi – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Yeni dünya nizamının formalaşdığı hazırkı dövrün əsas çağırışı
ədalətə və beynəlxalq hüquqa söykənərək sülhün, təhlükəsizliyin
təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

O qeyd edib ki, belə bir dünyanın formalaşması Azərbaycanın daim
səsləndirdiyi çağırışların əsasında dayanıb:

“İşğala məruz qalıb 30 il dünya güclərindən ədalətli yanaşma
gözləyən Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki,
beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT
qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Yalnız bu
halda ədalətli dünyadan danışa bilərik. Lakin isər tarixi
Zəfərimizə qədərki, istərsə də postmüharibə dövrünün reallığı budur
ki, ədalət və beynəlxalq hüquq maraqların arxasında qalır, ikili
yanaşmalar dünyada yeni müharibələrin, qarşudurmaların yaranmasına,
mövcud problemlərin həlli prosesinin uzanmasına səbəb olur.

Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk dəfə BMT
tribunasından çıxışında bəyan etdiyi kimi, son illərdə əldə
etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil.
Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil
etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq
hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə
qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə
ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı,
qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil,
əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir
Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə
Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri
bir daha bu reallıqları təsdiqlədi. Dövlətimizin başçısı oktyabrın
13-də Sammitdə iştirak etdi. Azərbaycanın, Prezident İlham Əliyevin
yürütdüyü siyasətə dəstəyini, yüksək dəyərini dövlətimizin
başçısına münasibətində aydın şəkildə ifadə edən ABŞ Prezidenti
Donald Tramp Sammitdəki çıxışında da Azərbaycan və Ermənistan
liderlərinin Vaşinqton görüşündən bəhs etdi. “Budur, mən bu
yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi
bəyəndinizmi?” fikirləri ilə bir daha ölkəmizə, dövlətimizin
başçısı İlham Əliyevə səmimi münasibətini, yüksək etimadını nümayiş
etdirdi.

Vüqar Rəhimzadə Yaxın Şərq Sülh Sammitində sülh sazişinin
imzalanması mərasiminə diqqəti yönəldərək bildirib ki, bu
beynəlxalq tədbirdə İsrail-Fələstin münaqişəsinə son qoyulması,
Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə
olunması kimi məsələlər əsas müzakirə mövzuları oldu. İsrail ilə
Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən elə bir
vəziyyətə çatmışdı ki, bunu ABŞ Prezidenti Donald Tramp həll edərək
regionda sülhə nail olmaq qərarına gəldi. Sammitdə, həmçinin
beynəlxalq nəzarət mexanizmi, terror təşkilatlarının hakimiyyətə
buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata
keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə
olundu. Ağ Ev tədbirdən öncə belə bir bəyanatla çıxış etmişdi ki,
bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitlik epoxasının
əsasını yaradacaq.

Sülh sazişinin imzalanması deyildiyi ki, dönüş nöqtəsi oldu. ABŞ
Prezidenti Sammitdəki çıxışında bildirdi ki, bu gün təkcə Yaxın
Şərq deyil, dünya üçün inanılmaz gündür. Bugünkü uğur Sammitdə
iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi
ilə bir araya gəldiyi üçün baş verib. Bu, illərdən bəri əldə edilə
bilməyən ən böyük sazişdir. Həmçinin Yaxın Şərq Sammiti
çərçivəsində Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən
Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı. Sammitdə
20-yə yaxın dövlət və hökumət başçıları iştirak etdi. Dövlətimizin
başçısı İlham Əliyevin bu Sammitə Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisi tərəfindən dəvət olunması Azərbaycanın qlobal
problemlərin həllinə verdiyi töhfələrin, dövlətmizin qlobal
siyasətdə söz sahibi olmasının təsdiqidir.

Milli Məclisin deputatı qeyd edib ki, artıq Azərbaycanın hər
zaman çağırış etdiyi ədalətli dünyanın formalaşması ideyası
reallığa çevrilir. ABŞ Prezidenti Donald Tramp bu ilin avqustunda
dövlətimizin başçısı İlham Əliyev ilə görüşündə onun sülh
istiqamətində addımlarını təqdir etmişdir. Əvvəldə də qeyd
etdiyimiz kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər
qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal
altında olan torpaqlarını geri qaytarmasını deyil, eyni zamanda,
ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini
göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Donald
Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi təsadüfi
xarakter daşımır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında
olan Azərbaycana artan beynəlxalq dəstək göz qabağındadır.
Vaşinqton görüşünün uğurlu nəticələri bunun bariz nümunəsidir.
Həmin görüş mühüm razılaşmalarla tarixə yazıldı. Vaşinqton Sammiti
ümumilikdə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin
başlanması oldu. Prezidentlər Azərbaycanla Birləşmiş Ştatlar
arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə
Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında
Anlaşma Memorandumunu imzaladılar. Bu, siyasi, iqtisadi, enerji,
regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə
tərəfdaşlıq üçün yeni üfüqlər açır.

Vüqar Rəhimzadə bildirib ki, Vaşinqton Sammiti, onun ardınca
keçirilən Yaxın Şərq Sammiti bir daha dünyanın ədalətli, beynəlxalq
hüquqa söykənən yanaşmaya böyük ehtiyacı olduğunu təsdiqlədi.
Sülhün, təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin inkişafında
əsas faktordur. Bunun üçün Azərbaycanın bu istiqamətdə atdığı
addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan
hər zaman qlobal problemlərin həllində birgə səylərin
göstərilməsini əsas hədəf kimi qarşıya qoyur. Azərbaycanın qlobal
məsələlərin həllində öndə dayandığını dünya liderləri də
təsdiqləyirlər. Dövlətimizin başçısının Yaxın Şərq Sammiti
çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirməklə bu gün
Azərbaycanın sözünün nə qədər önəmli və vacib olduğunu görərik.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət
nəticəsində artıq Azərbaycan geosiyasi nüfuzu artan, qlobal
səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib.