Ölkədə qeydiyyatdan keçən müəssisələrin 19 mindən çoxu tikinti sektorunda fəaliyyət göstərir – Məmməd Musayev

Baş səhifə

Bakı. Trend:

Son illər ərzində Azərbaycan iqtisadiyyatı müsbət artım nümayiş
etdirir, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard
229 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Trend xəbər
verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti
Məmməd Musayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, sözügedən dövrdə iqtisadiyyatın qeyri
neft-qaz sektoru isə 2,9 faiz artıb:




“Bu, dövlətin və özəl sektorun birgə fəaliyyətinin real
nəticəsidir. Eyni zamanda qeyd edim ki, ÜDM istehsalının 6,6 faizi
tikinti sektorunun payına düşüb. Ölkədə qeydiyyatdan keçən
müəssisələrin 19 mindən çoxu və ya 8.7%-i tikinti sektorunda
fəaliyyət göstərir. Bu rəqəm, tikinti sektorunun ölkə
iqtisadiyyatında mühüm rol oynadığını və qeyri-neft sektorunun
inkişafında əhəmiyyətli bir sahə olduğunu göstərir”.

“Eyni zamanda, bu sektorun iqtisadi artıma töhfəsi, dövlətin
infrastruktur layihələrinə və özəl sektorda həyata keçirilən
tikinti işlərinə olan investisiyalarının artması da müşahidə
edilir”, – deyə M. Musayev vurğulayıb.