
Bakı. Trend:
Oktyabrın 13-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin
müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Hökuməti sədrinin
müavini Aleksey Overçuk arasında görüş keçirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə
mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox
artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam
etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü
ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu
vurğulanıb.
Bildirilib ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci
ilin 9 ayı ərzində 8.3% artıb. Bunun 10.4%-i avtomobil, 2%-i isə
dəmiryolu daşımalarının payına düşür.
Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı
məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da
23%-i meyvə-tərəvəz məhsullarının payına düşür.
Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika,
gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin
gedişindən məmnunluq ifadə ediblər.
Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi
məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun
genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin
və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi
vurğulanıb.
Görüş zamanı həmçinin əməkdaşlığın mövcud potensialından
səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da
genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması
imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli
görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul
edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da
möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə
region üçün faydalı olacağına əminlik ifadə olunub.

