
Bakı. Trend:
11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri,
Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən
palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
Trend
xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat katibi İradə İbrahimova məlumat yayıb.
O bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən
püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr
aparılır.
Eyni zamanda FHN Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə
Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi
istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş
məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri
vasitəsilə əraziyə baxış keçirilib.
Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf
yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən
edilib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər
görülür.


