
Bakı. Trend:
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan
Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket
hücumuna məruz qalmasından beş il ötür.
Trend xəbər verir ki, 2020-ci ilin oktyabrın
11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin
ballistik raket hücumuna məruz qalıb.
Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması
nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər
yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat
edib.
Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə
hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb,
şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isə
Ermənistanın hərbi təcavüzü nəticəsində ötən il 12-si uşaq, 27-si
qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş
yaralanıb, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat
vasitəsinə ziyan dəyib.
Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar və
yaralananlar arasında uşaqlar və qadınlar da olub.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki
əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan
Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya
gətirilib.
Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3,
218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
1973-cü il təvəllüdlü Harutyunyan Arayik Azərbaycan ərazisində
qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar
altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi,
muzdluların yığılması, onlara təlim keçirilməsi və
maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi
əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının
pozulmasında təqsirləndirilir.

