“Avropa üçlüyü” Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya, Fransa və Böyük Britaniya (“Avropa üçlüyü” və ya E3)
Qəzza zolağında atəşkəs haqqında razılaşmanı alqışlayır və ABŞ
prezidenti Donald Trampın sülh planının növbəti mərhələlərinin
həyata keçirilməsinə və BMT agentlikləri vasitəsilə Qəzzaya
humanitar yardımın çatdırılmasına dəstək verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə “Avropa üçlüyü” ölkələrinin
liderləri – Fridrix Merts, Emmanuel Makron və Kir Starmer arasında
danışıqların yekunları üzrə birgə bəyanatda deyilir.

“Biz Yaxın Şərqdə atəşkəs razılaşmasını, girovların azad
edilməsinin planlaşdırılmasını və Qəzzada mülki şəxslərə humanitar
yardımın bərpasını alqışlayırıq. Biz prezident Trampın
rəhbərliyini, vasitəçilərin – Misir, Qətər və Türkiyənin diplomatik
səylərini və sazişin həyata keçirilməsində regionda mühüm dəstəyi
alqışlayırıq”, – deyə sənəddə bildirilib.




Qeyd edilib ki, indi bütün tərəflərin öz öhdəliklərini tam və
operativ şəkildə yerinə yetirməsi vacibdir.

“Biz planın növbəti mərhələləri üzrə gələcək danışıqları
dəstəkləməyə və öz töhfəmizi verməyə hazırıq”, – deyə bəyanatda
bildirilib.

“Biz atəşkəs qüvvəyə mindikdən sonra təqdim edilməli olan BMT
agentlikləri vasitəsilə əsaslı humanitar yardımın göstərilməsinə
dəstək verməsini öhdəmizə götürürük”, – deyə üç ölkənin liderləri
bildiriblər.