
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 10-da
davam etdirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Hakim Z.Ağayev məhkəməyə yeni sənədlərin daxil olduğunu elan
edib. Bildirib ki, 340 nəfər zərərçəkmiş məhkəməyə ərizə ilə
müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini,
ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını
xahiş edib.
Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsi və ibtidai
istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.
Məhkəmə prosesində Azərbaycana qarşı törədilmiş cinayət
hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində
həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara,
yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə və s.
dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar
açıqlanıb.
Elan olunan sənədlərə Azərbaycanın müxtəlif nazirik, komitə,
agentlik, rayon və şəhər icra hakimiyyətlərindən və sair
qurumlarından daxil olmuş məlumatlar daxildir.
İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2020-ci
il oktyabrın 4-də Ermənistanda Azərbaycanın mülki əhalisi arasında
təşviş yaratmaq məqsədilə Gəncənin atəşə tutulması ilə bağlı qərar
qəbul edilib. Ermənistanın beynəlxalq qınağa məruz qalmaması üçün
həmin vaxt müdafiə naziri David Tonoyanın tövsiyəsi ilə qondarma
rejimin “rəhbəri” Arayik Harutyunyan guya Gəncənin Ermənistan
ərazisindən deyil, məhz onun əmri ilə Qarabağ ərazisindən vurulması
ilə bağlı bəyanatla çıxış edib. Qeyd olunan çıxış yutub sosial
şəbəkəsində də yerləşdirilib.
Arayik Harutyunyan 2021-ci il fevralın 16-da Rusiya sülhməramlı
kontingentinin nümayəndələri ilə görüşü zamanı fevralın 17-də 13-18
nəfər azərbaycanlının cəsədinin təhvil veriləcəyini, istehza ilə
“həmin cəsədlərin təhvil verilməsinin Xocalı soyqırımından sonra
Azərbaycana hədiyyə olduğunu” bildirməklə təqdim edib.
Bundan başqa, A.Harutyunyan Ermənistan hərbçiləri tərəfindən
1992-ci ilin fevral-mart aylarında azərbaycanlı xüsusi təyinatlı
milis əməkdaşlarının divar qarşısında düzdürülərək güllələnməsi
barədə fikir söyləyib.
Həmin sənədə əsasən, Arayik Harutyunyan 2022-ci il avqustun 5-də
Laçın rayonunun Sarıbaba kəndi ərazisində həlak olmuş Azərbaycan
Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçularının üzərinə
qaya parçasını Ermənistan hərbçilərinin qəsdən yuvarladığı barədə
məlumata malik olması da öz əksini tapıb.
Başqa sənədə əsasən 7 nəfər təqsirləndirilən şəxs – Arkadi
Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Levon Mnatsakanyan,
David Babayan, Davit İşxanyan, David Manukyan barəsində
məlumatları, yəni anket məlumatları, təhsil, qondarma qurumda
tutduqları “vəzifələri”, 90-cı illərin əvvəllərindən qondarma
qurumun qanunsuz fəaliyyətində rolu, 2016-cı ilin Aprel
döyüşlərində, 2020-ci ildə 44 günlük müharibədə iştirakları və sair
kimi məlumatlar öz əksini tapıb.
Qeyd olunan məlumatların təhlili əsasında müəyyən edilib ki,
adları çəkilən 7 nəfər təqsirləndirilən şəxs bu və ya digər
üsullarla və müxtəlif vaxtlarda Azərbaycan Respublikasının suveren
ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal altında zorla
saxlanılmasında iştirak edib, bu istiqamətlərdə çıxışlar edib,
erməni xalqını daima Azərbaycan xalqına qarşı qoymaqla nifrət
hisslərini aşılayıblar.
Digər sənədə əsasən müəyyənləşdirilib ki, Azərbaycanın vaxtilə
Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində
qondarma qurumun maliyyələşdirilməsi Ermənistan tərəfindən həyata
keçirilib.
Elan edilmiş sənədlərə əsasən Ermənistan Respublikası
05.07.2019-cu il və 26.06.2020-ci il tarixli müqavilələr əsasında
Rusiya Federasiyasından tankəleyhinə 2 ədəd raket alıb. Qeyd olunan
raketlərin Ermənistanla bağlanmış müqavilə əsasında alınmasına
baxmayaraq, həmin qurğuların Azərbaycanın həmin vaxt işğal altında
olan suveren ərazisində tapılması silahların bilavasitə həmin
ölkədən, yəni Ermənistandan gətirildiyini bir daha təsdiq edir.
Bundan başqa qeyd edilib ki, ərazilərimiz işğaldan azad
edildikdən sonra orada çoxsaylı silah-sursat və digər qurğular
aşkar edilib. Həmin silahlar içərisində iriçaplı silahlarla yanaşı,
tank, top və digər bu kimi döyüş təyinatlı avadanlıqlar olub.
Digər sənədə əsasən, yutubda yer almış və cinayət işinin
materiallarına əlavə edilmiş videomateriallardan görünür ki, döyüş
səhnələri real olaraq qeydə alınıb, görüntülər zamanı müxtəlif
zirehli texnikalarla, hərbi paltarlı şəxslər müxtəlif silahlarla
müxtəlif istiqamətlərdə atəşlər açır.
Növbəti kadrlarda Birinci Qarabağ müharibəsində müxtəlif sayda
hərbi geyimli azərbaycanlının qətlə yetirilərək öldürüldüyü, torpaq
üzərində cansız cəsədlərinin qaldığı görünür.
Daha sonra kadrlarda Ermənistan silahlı qüvvələrinin hərbçiləri
tərəfindən azərbaycanlı hərbçinin əsir olaraq saxlanıldığı görünür.
Əsir götürülmüş şəxsə zor tətbiq edilir, onunla pis rəftar olunur
və ona müxtəlif formada zorakılıq göstərirlər. Videoda, həmçinin
əsirin sifət nahiyəsinin sağ tərəfindən qan axdığı müşahidə
olunur.
Daha sonra kadrlarda görünür ki, viran qoyulmuş ərazimizdə
Ermənistan silahlı qüvvələrinin hərbçiləri talançılıqla məşğul
olur.
Növbəti kadrlarda əsir götürülmüş Azərbaycan əsgərləri yer alıb.
Əsirlərin sifət nahiyələrində müxtəlif xəsarətlərin olması
açıq-aydın görünür.
Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.


