
Bakı. Trend:
Türkmənistanın dəstəyi ilə Füzuli şəhərində inşa ediləcək yeni
məscid təkcə din və mədəni baxımdan deyil, həm də mənəvi və siyasi
anlamda dərin rəmzi məna daşıyır.
Trend xəbər
verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə
Heyətinin üzvü Gülşən Paşayeva Türkmənistan tərəfindən Azərbaycan
xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma
mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni inşa olunacaq məscid Türkmən və
Azərbaycan xalqları arasındakı dostluğun, qardaşlığın və ortaq
tarixin, köklərin canlı təzahürüdür:
“Məlum olduğu kimi uzun illər ərzində dağıntılara məruz qalmış
Qarabağ torpaqları bu gün yenidən qurulur, tikilir, oraya həyat
qayıdır. Yeni yollar, məktəblər, mədəniyyət ocaqları, yaşayış
məntəqələri inşa olunur. Qardaş Türkmənistanın dəstəyi və təşəbbüsü
ilə Füzuli şəhərində ucaldılacaq məscid dövlətimiz tərəfindən
aparılan yenidənqurma prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı,
Türkmənistanın xalqımıza mənəvi dəstəyinin parlaq nümunəsidir. Bu
məscidin minarələrindən ucalacaq Azan səsi Qarabağın azad nəfəsini,
ədalətin bərpasını və Türk-İslam həmrəyliyini təcəssüm etdirəcək. O
yalnız iqamətgah deyil, həm də işğaldan azad edilmiş
torpaqlarımızda mənəvi dirçəlişin, sülhün, birliyin və qarşılıqlı
etimadın rəmzinə çevriləcək”.
G. Paşayeva vurğulayıb ki, Azərbaycan və Türkmənistan əlaqələri
son illərdə nümunəvi səviyyəyə yüksəlib:
“Bu münasibətləri sadəcə diplomatik, siyasi, iqtisadi, mədəni
tərəfdaşlıq çərçivəsində deyil, həm də qardaşlıq münasibətləri kimi
dəyərləndirmək lazımdır. İki ölkə arasında enerji, nəqliyyat və
logistika sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
2021-ci ildə Xəzər dənizində “Dostluq” yatağının birgə işlənməsi
haqqında imzalnamış razılaşma bunun ən parlaq nümunəsidir. Bu
layihə çərçivəsində iki xalq arasında dostluq və qarşılıqlı
etimadın möhkəm bünövrəsi yaradılıb. Bununla yanaşı, Xəzər dənizi
üzərindən artan ticarət, Bakı-Türkmənbaşı limanları arasında
müntəzəm daşımalar və logistika əməkdaşlığı regionumuzun strateji
inteqrasiyasını gücləndirir. Azərbaycan və Türkmənistan həm də Türk
Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəortaq dəyərlərimizi,
dilimizi, tariximizi, mədəniyyətimizi qorumaq və gələcək nəsillərə
ötürmək istiqamətində çiyin-çiyinə çalışır”.
G. Paşayeva qeyd edib ki, bugünkü mərhələ təkcə yeni məscidin
təməli deyil, bu, Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın və
dostluq münasibətlərinin də parlaq səhifəsidir:
“Türkmənistanın bu layihədə iştirakı göstərir ki, qardaş
dövlətlər azad edilmiş ərazilərin yenidən qurulmasında, onların
social-iqtisadi və mədəni həyatında töhfə verməyə səmimi maraq
göstərirlər.
Bu gün biz tarix yazırıq. Füzulidə ucalacaq məscid gələcək nəsillər
üçün dostluğun, həmrəyliyin və mədəni birliyin əbədi nişanı
olacaq”.


