
Bakı.Trend:
Prezident İlham Əliyevin 7 oktyabr 2025-ci il tarixində Qəbələdə
keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının
12-ci Zirvə Görüşündəki çıxışı, həm Azərbaycan, həm də bütün Türk
dünyası üçün strateji əhəmiyyət daşıyan bir hadisədir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S.Mikayılova qeyd edib ki, TDT ciddi geosiyasi güc mərkəzi kimi
formalaşır:
“Bu, təşkilatın beynəlxalq nüfuzunun artmasının göstəricisidir
və Türk dövlətlərinin bir ailə kimi birləşdiyini bir daha
təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında həmçinin
Azərbaycanın təşkilata maliyyə dəstəyi, daxili sabitliyi, gənc və
dinamik əhalisi, nəqliyyat-logistika potensialı və hərbi gücü kimi
amillər önə çəkildi ki, bunlar da TDT-ni qlobal arenada vacib
aktora çevirir. Hərbi əməkdaşlıq, xüsusilə Türkiyə ilə birgə
keçirilən təlimlər, regional təhlükəsizlik və birgə müdafiə
strategiyalarının əsasını təşkil edir. Prezident İlham Əliyevin
2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi
təklifi, təşkilatın müdafiə qabiliyyətlərinin daha da
möhkəmlənməsinə işarədir.”
S.Mikayılova əlavə edib ki, 2020-ci ilin 44 günlük Vətən
müharibəsində əldə edilən Zəfər və 2023-cü ildə antiterror
əməliyyatları nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad
edilməsi, çıxışın ən önəmli mövzularından biri oldu:
“Bu, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə
yanaşı, bölgədə ədalət, sülh və sabitliyin təminatına böyük
töhfədir. Vaşinqtonda paraflanan sülh sazişi isə Cənubi Qafqazda
davamlı sülhün bərqərar olması üçün əsas addımdır. Prezident İlham
Əliyev həmçinin nəqliyyat və enerji sahəsində Azərbaycan-Türk
dünyası əməkdaşlığının strateji əhəmiyyətini vurğuladı.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı,
Zəngəzur dəhlizinin açılması və enerji təhlükəsizliyinə yönəlmiş
layihələr regionun iqtisadi inkişafına güclü təkan verir. Eyni
zamanda, bərpa olunan enerji sahəsindəki irəliləyişlər gələcəyə
baxışın əyani nümunəsidir.”
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışda həmçinin
Türk dünyasının ortaq tarixi və mədəni irsinə böyük diqqət
yetirildi:
“1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100
illik yubileyinin təntənəli şəkildə qeyd olunması təklifi,
birliyimizin tarixə bağlılığını və gələcəyə ümidlə baxışını
simvolizə edir.”
S.Mikayılova vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun
bərpasına göstərilən beynəlxalq qardaşlıq dəstəyi və infrastruktur
layihələri, Türk Dövlətləri arasında həmrəylik və qarşılıqlı
yardımlaşmanın ən gözəl nümunəsidir.
“Bu, Azərbaycan xalqının qardaş dövlətlərə minnətdarlığını ifadə
edir və gələcəkdə bu birliyin daha da güclənəcəyinə
işarədir.Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Türk
Dövlətləri Təşkilatının strateji, hərbi, iqtisadi və mədəni
baxımdan güclənməsini vurğulayır, bu platformanın gələcəkdə Türk
dünyasının birliyi və regionun sabitliyi üçün əvəzolunmaz rol
oynayacağını təsdiqləyir. Bu, sadəcə regional deyil, həm də qlobal
səviyyədə əhəmiyyətli bir çağırışdır”, – deyə millət vəkili əlavə
edib.

