
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Tbilisi şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayılıb.
Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmət və ehtiramla anıb.
Sonra Şindisi Memorialı ziyarət olunub, Gürcüstanın qəhrəman hərbçilərinin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka Mgeladze ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni perspektivlər və birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin vacibliyi xüsusi vurğulanıb.
Görüşdən sonra David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasını ziyarət edən Azərbaycan nümayəndə heyəti burada informatika ixtisası üzrə təhsil alan kursantların tədris prosesini izləyib.
***
12:50
Tbilisidə Gürcüstanın İctimai Təhlükəsizlik Təşkilatının Kibertəhlükəsizlik Bürosunun və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin nümayəndələri arasında görüş keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdə baş tutmuş görüşdə Büro rəhbəri Luka Mqeladze Azərbaycan nümayəndə heyətinin üzvlərini qurumun strukturu və məqsədləri ilə tanış edib, həyata keçirilən və planlaşdırılan layihələrdən danışıb.
Azərbaycan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəisi, polkovnik-leytenant Elşən Həsənov təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Tərəflər kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.
Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində David Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasında da olublar və burada informatika üzrə bakalavr proqramının kursantları ilə görüşüblər. Şindisi Memorialı da ziyarət olunaraq qəhrəmanların xatirəsi ehtiramla anılıb.
Qeyd edilib ki, kibertəhlükəsizlik xidmətlərinin nümayəndələri arasında görüş ikitərəfli əməkdaşlıq planı çərçivəsində artıq üçüncü dəfədir baş tutub.

