
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid
ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Abşeron
rayonunda, Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Gəncə
şəhərində daha 100 mənzil verilib.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Gəncədə mənzillərin sənədlərinin təqdim edilməsi
tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının
birinci müavini Səməd Tomuyev iştirak ediblər.
H.Abdullayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi
olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib
ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin
sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı
illərində başlanılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra
dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə
əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı
5 dəfə genişlənib.
Qeyd olunub ki, bu gün Bakı və Gəncə şəhərlərində, Abşeron
rayonunda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750,
postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil
və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi
olanlara təqdim olunub.
Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci
Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə
əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən
olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə
əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən
dövrdə 7500-dən çox avtomobil verilib.
S.Tomuyev Gəncədə şəhid ailələrinin və müharibə ilə əlaqədar
əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərdən
bəhs edib.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan
şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə
təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
ifadə ediblər.

