Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

“Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Türk
Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü başa çatdı. Təşkilatın əsas hədəfi həmrəyliyi,
dostluğu və qardaşlığı gücləndirmək, regional və beynəlxalq
səviyyədə birgə fəaliyyəti təşviq etməkdir. Azərbaycan bu Zirvə
Görüşündə Türk dünyası ilə bağlı mövqeyini bir daha bütün dünyaya
nümayiş etdirdi və təsdiqlədi ki, bizim ailəmiz Türk dünyasıdır.
Zirvə Görüşündə səsləndirilən fikirlər Azərbaycanın türk
dövlətlərinin birliyinin möhkəmləndirilməsinə yönələn
təşəbbüslərinin, qəbul etdiyi qərarların əhəmiyyətinin göstəricisi
oldu. Reallıq budur ki, ölkəmiz təşkilat çərçivəsində siyasi
təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq
layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak
edir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsləri Türk
Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas
istiqamətlərini müəyyənləşdirir. Məhz bu təşəbbüslər nəticəsində
TDT böyük təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Prezident İlham Əliyev Qəbələ Zirvə Görüşündə də təşkilatın
gələcək inkişafında, türk dövlətlərinin əlaqələrinin daha da
möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq təkliflərlə çıxış etdi,
çağırışlar səsləndirdi. Dövlətimizin başçısı bu gerçəkliyi xüsusi
vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq
platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi
formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması
məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək
milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz
təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ
dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi
sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc
əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii
resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial
TDT-ni qlobal arenada vacib aktora çevirir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı
Qəbələ Zirvə Görüşündə diqqəti 30 illik işğal dövrünün
gerçəkliklərinə yönəltdi, Vətən müharibəsini şərtləndirən amilləri
açıqladı, eyni zamanda, regionda dayanıqlı sülhün və
təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan tərəfinin
Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması
istiqamətində göstərdiyi səylərdən, ən əsası Vaşinqton
razılaşmalarından geniş bəhs etdi. Təbii ki, Zirvə Görüşünün
gündəmə gətirdiyi mövzuya diqqət yetirsək görərik ki, Azərbaycanın
istər regionda, istərsə də dünyada sülhün, təhlükəsizliyin təmin
edilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qala
bilməzdi. Digər çıxışlarda da Azərbaycanın regionda sülhə və
sabitliyə töhfə verən addımları xüsusi qeyd edildi. Qardaş
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı
İlham Əliyevə mükəmməl ev sahibliyi üçün təşəkkürünü bildirərək
Qəbələ Bəyannaməsinin və qəbul edilən qərarların Türk dünyası başda
olmaqla, bütün dost və qardaş ölkələrə xeyirli olmasını dilədi.
Türk Dövlətləri Təşkilatının Azərbaycan ilə Ermənistan arasında
avqustun 8-də imzalanan Birgə Bəyannaməni regionda sülhün və
təhlükəsizliyin təmin edilməsi baxımından xeyirli addım olaraq
gördüyünü bildirdi, davamının gəlməsini arzuladı. Vurğuladı ki, bu
gün bir daha türk dövlətləri olaraq aramızdakı həmrəylik,
qarşılıqlı hörmət və qardaşlıq ruhu ilə gələcəyə əmin addımlarla
irəlilədiyimizi göstərdik. Biz böyük Türk dünyasını daha da
gücləndirərək övladlarımıza miras qoyacağıq. Macarıstanın Baş
naziri Viktor Orban isə çıxışında türk dövlətləri arasında bəşəri
dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü
bir mühiti müşahidə etməsindən məmnunluğunu ifadə edərək
dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi bərpaolunan
enerji layihələrini, sülhə və əməkdaşlığa verdiyi önəmi vurğuladı.
Əminliklə bildirdi ki, Azərbaycanın nailiyyətləri, iqtisadiyyatın
inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan
sərmayə Mərkəzi Asiya regionunun və bu regionun Avropa İttifaqının
“qızıl ehtiyatı” olduğunun sübutudur.




Vüqar Rəhimzadə vurğulayıb ki, sülh və təhlükəsizlik hər bir
ölkənin inkişafında əsasdır. Eyni zamanda, yeni əməkdaşlıq
formatlarının yaradılmasında, əlaqələrin coğrafiyasının
genişləndirilməsində əhəmiyyətli rola malikdir. Azərbaycan 30 il
müharibə şəraitində yaşasa da daim sülhə, təhlükəsizliyə,
əməkdaşlığa çağırışları ilə diqqətdə olub və bunu real addımları
ilə təsdiqləyib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin fəal iştirakçısıdır. Prezident İlham Əliyev çıxışında
qeyd etdi ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla
əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir.
Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol
oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin
təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi
təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər
regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol
oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi
əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr
sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan, həmçinin Günəş,
külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə
böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın
təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. O
da qeyd edildi ki, hazırda Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa
yaşıl enerji dəhlizi üzərində işləyir. TDT-yə üzv ölkələrlə
Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə
qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından
çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına
qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla,
Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu
fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə,
atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın,
enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında
əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına
xidmət edir.

Milli Məclisin deputatı Türk Dövlətləri Təşkilatının üzvləri
arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın çox önəmli
amillərdən biri olduğunu önə çəkərək ölkə Prezidenti İlham Əliyevin
Zirvə Görüşündə bununla bağlı səsləndirdiyi təklifə də diqqəti
yönəldib. Türk dünyasının birliyinə böyük töhfələr verən Azərbaycan
ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir.
Bunun bariz nümunəsi kimi, təkcə son bir ildə Türkiyə ilə birgə
25-dən artıq hərbi təlimlər keçirilib. Azərbaycan Ordusunun Türkiyə
modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır.
Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında hərbi,
müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə
alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu
məqamı da xüsusi qeyd etdi ki, bugünkü dünyada hərbi güc hər bir
ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində tarixi
Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri
nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu.
Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız
üzərində suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyət yalnız
Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi
deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin
bərqərar olunmasına mühüm töhfədir.

Vüqar Rəhimzadə bildirib ki, Qəbələ Zirvə Görüşündə qəbul edilən
qərarlar, imzalanan Birgə Bəyannamə Türk Dövlətləri Təşkilatının
mövqeyini daha da gücləndirəcək. Dövlətimizin başçısı 1926-cı ildə
Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi
əhəmiyyətini diqqətə çatdıraraq gələn il birinci Türkoloji
Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri
Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif
etdi.

Milli Məclisin deputatı qeyd edib ki, Qəbələ Zirvə Görüşü Türk
dünyasının Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi növbəti
töhfə ilə də diqqətdə oldu. Belə ki, Türkmənistan tərəfindən
Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyuldu.
Mərasimdə Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin
Sədri Qurbanqulu Berdiməhəmmədov və Zirvə Görüşündə iştirak edən
digər dövlət və hökumət başçıları iştirak etdilər. Bütün bunların
və atılan digər addımların fonunda türk dövlətlərinin birliyinin,
həmrəylinin sarsılmazlığı bir daha təsdiqlənir.