İnsanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i zoonoz mənşəlidir – AQTA

Baş səhifə

Bakı. Trend:

Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən
infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük
risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə
olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan
və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz
mənşəlidir.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bu xəstəliklər təkcə insanlara deyil, həm də
heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi
zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb
olur.

Ən çox yayılmış zoonoz xəstəliklər

Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də
heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb:

• Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm,
salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz);
• Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil
qızdırması, COVID-19, Ebola);
• Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz,
toksoplazmoz);
• Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.).

Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və
pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə
qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək
risk daşıyır.

Yoluxma yolları




Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər:

• xəstə heyvanla birbaşa təmasla;
• çirklənmiş qida və su vasitəsilə;
• hava-damcı (aerogen) yolu ilə;
• gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə.

Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş
qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl
edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir.

Heyvan təsərrüfatlarında risklər və
nəticələr

Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq
azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır.
Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız
qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər
il milyonlarla dollar zərər vurur.

Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv
mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında
mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının
bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə
koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər
sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik
qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai
maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır.

Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm
də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı
bir-birindən ayrılmazdır!