Elman Abdullayev UNESCO-nun yeni baş direktoru vəzifəsinə namizədi təbrik edib

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman
Abdullayev UNESCO-nun yeni baş direktoru vəzifəsinə namizədi təbrik
edib.

Trend xəbər
verir ki, 6 oktyabr 2025-ci il tarixində UNESCO İcraiyyə Şurasının
222-ci sessiyası çərçivəsində keçirilmiş səsvermələr zamanı misirli
Xalid Əhməd Əl-Ənani mütləq səs çoxluğu əldə edərək, İcraiyyə
Şurası tərəfindən UNESCO-nun növbəti baş direktoru vəzifəsinə
namizəd elan edilib. Səsvermənin ardınca baş tutmuş iclasda
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman
Abdullayev X.Əl-Ənanini üzv dövlətlərin etimadını qazanması
münasibətilə Azərbaycan Respublikası adından təbrik edib. Çıxış
zamanı səfir E.Abdullayev X.Əl-Ənaniyə yeni fəaliyyətində uğurlar
arzulayaraq, İcraiyyə Şurasının qərarının UNESCO tarixində yeni bir
mərhələnin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb.

Səfir çıxışı zamanı qeyd edib ki, hazırda çoxsaylı çağırışlarla
üz-üzə olan UNESCO qarşısında etimadı bərpa etmək və çoxtərəfli
həmrəyliyi möhkəmləndirmək üçün imkanlar mövcuddur. O, bildirib ki,
Azərbaycan UNESCO-nun inkişaf etdirilməsi, onun dialoq və sülh
məkanı kimi rolunun daha da gücləndirilməsi, eləcə də təşkilatın
şəffaflıq və səmərəliliyinin artırılması, maliyyə və institusional
dayanıqlığının təmin olunması istiqamətində yeni baş direktorun
göstərəcəyi səylərə tam dəstək verməyə hazırdır.




Səfir həmçinin yeni rəhbərlik tərəfindən ortaya qoyulacaq yeni
baxışın UNESCO-nun praktiki müstəvidə təsirini artıracağına, habelə
mədəni irsin qorunması, təhsilin möhkəmləndirilməsi, elm və
innovasiyanın təşviqi, eləcə də ifadə azadlığının müdafiəsi
istiqamətində daha geniş imkanlar yaradacağına ümidvar olduğunu
bildirib. Çıxışının sonunda səfir E.Abdullayev tərəfdaşlıq və ortaq
məsuliyyət ruhunda birgə fəaliyyətin UNESCO-nu dünya xalqlarının
gözləntilərinə adekvat cavab verən bir quruma çevirəcəyinə
inandığını bəyan edib.

Daimi nümayəndənin çıxışı zalda alqışlarla qarşılanıb.

Qeyd edək ki, İcraiyyə Şurası tərəfindən UNESCO-nun baş
direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Xalid Əhməd
Əl-Ənaninin namizədliyinin UNESCO Baş Konfransının 30 oktyabr-13
noyabr 2025-ci il tarixlərində keçiriləcək 43-cü sessiyası zamanı
təsdiq edilməsi gözlənilir.