Bakı. Trend:
İran və Azərbaycan arasında Astara sərhəd-keçid məntəqələrindən
keçən yük maşınlarının sayının 800-ə artırılması qərara alınıb.
Trend-in
məlumatına görə, bunu İranın Astara Gömrük İdarəsinin baş direktoru
Nadir Ənsarian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Astara sərhəd-keçid məntəqəsinin 24 saatlıq
fəaliyyət göstərdiyini nəzərə alaraq, ilin ikinci yarısında (23
sentyabr 2025 -20 mart 2026) yük maşınlarının keçidinin
sadələşdirilməsi ikitərəfli olaraq addım atılıb.
Ənsarian deyib ki, İran kənd təsərrüfatı məhsulları, o cümlədən
sitrus meyvələrinin ixracının ilin ikinci yarısında artdığını
nəzərə alaraq Azərbaycan tərəfinə sərhəd-keçid məntəqəsindən keçən
yük maşınlarının artırılmasını təklif edib və Azərbaycan tərəfi bu
təklifi müsbət qarşılayıb.
Gömrük rəsmisi deyib ki, hal-hazırda İranın Astara sərhəd-keçid
məntəqəsinin ərazisində yük maşınları növbəyə düzülmür. Misal üçün
ötən gün 445 ədəd yük maşını sərhəd-keçid məntəqəsindən keçib.
Nəticədə sərhədin heç bir tərəfində yük maşınları növbədə
gözləməyib.
Ənsarian bildirib ki, ötən 6 ay ərzində (21 mart -22 sentyabr
2025) Astara sərhəd-keçid məntəqəsi vasitəsi ilə 36 353 yük maşını
ölkəyə daxil olub ki, ötən ilin analoji dövrü ilə (20 mart -21
sentyabr 2024) müqayisədə 12% artıb. Eyni zamanda qeyd olunan
müddətdə Astara sərhəd-keçid məntəqəsindən 43 339 yük maşını
ölkədən çıxıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4%
artımın olduğunu göstərir.
Qeyd edək ki, İran 6 ay ərzində Astara gömrük məntəqəsi vasitəsi
ilə 280 milyon dollar dəyərində 458 min ton məhsul ixrac edib.

