Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə
verib.

Trend
müsahibəni təqdim edir.

-Cənab Prezident və Ali Baş Komandan İlham Əliyev, “TRT
Haber”ə xoş gəldiniz. Zaman ayırdığınız üçün təşəkkür edirəm. İşğal
altındakı torpaqlarınızdan bu günədək nə qədəri geri alınıb.
Hərəkat bu anda hansı mərhələdədir və planladığınız çərçivədə
gedirmi?

-Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran
bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə
gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd
işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli
döyüşlər gedir.

Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və
Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid
edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla
icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim
əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin
edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlaməti
kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər
torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq
baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur.

-Atəşkəs çağırışlarına cavab verərkən heç bir ölkə
liderinə zəng etmədiyinizi, sadəcə, danışmaq istəyənlərlə vəziyyəti
dəyərləndirdiyinizi bildirdiniz. Ermənistanın baş naziri Paşinyanın
isə adəti üzrə yalvardığını, bir çox dövlət başçısına zəng etdiyini
vurğuladınız. Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa
ölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyini
düşünürsünüzmü?

-Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə
qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki,
atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr
davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin
əsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə
artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak
edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə
iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər
əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi
bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin
mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da
sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü
Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri
pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum
əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə
azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi
müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq
rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir.
Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər.
Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq
qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən
çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik
ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi
vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə
1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll
olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra
edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?
Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün
Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən,
bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki,
nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz
qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara
versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da
onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan
erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu
müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək
istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna
hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən
açıqlamışam.

-Açıqlamısınız. Zəmanət verilirsə dediniz, hansı
zəmanəti nəzərdə tutursunuz?

– Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl
bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”,
Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki,
Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə
hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə,
hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk
qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii
ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu
ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına
qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz
30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər
həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə
bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix
deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar.

-İndi dediyiniz 30 il ərzində bu günə qədər bir çox söz
verildi. Bundan sonra veriləcək sözə necə
güvənəcəksiniz?

-Elə onun üçün mən söyləyirəm ki, sözdən başqa, bizə konkret
tarix verilməlidir. Əgər o tarixdə, – bilmirəm veriləcək,
verilməyəcək, – veriləcək tarixdə Ermənistan silahlı qüvvələri
bəlli olan bölgələrdən çıxmazsa, o zaman biz də atəşkəsə riayət
etməyəcəyik.

-Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional
böhrana yol aça bilərmi? Narahatlığınız varmı?

-Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna
hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə
Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni
biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə
olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik.
Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayında
Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan
qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına
keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr
endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə,
heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki,
bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi
hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan
ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistan
ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada
böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü.
Doğrudur, onların mərmiləri elə mərmilərdir ki, – siz mühümmat
deyirsiniz mərmilərə, – onların bəziləri partlamadı. Bəzilərini isə
bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlar
bizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək,
Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyaya
desinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas
edin, yəni Ermənistan canını qurtarır.

-Ermənistanın beynəlxalq hüquqla çərçivələnmiş
sərhədlərində bu hücumlar davam edərsə, vaxt gələrsə, yenə bugünkü
mövqeyinizi qoruyacaqsınız, yoxsa..?

-Bunu demək hələ tezdir. Biz qarşıdurmaların gedişinə baxacağıq.
Hər halda, bizə vurulan hər bir zərbənin mənbəyi bizim üçün qanuni
hədəfdir, legitim hədəfdir. Biz bu hədəfləri vurmağa məcbur
olacağıq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur.
Bu, videogörüntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunu
görə bilir. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı
döyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün də
etmirik və etməyəcəyik.

– Qaşaltı Qaraqoyunluda gördüm, ikisi uşaq olmaqla, beş
Azərbaycan vətəndaşı qətlə yetirildi. Azərbaycan Ordusunun 27
sentyabr erməni hücumlarına cavab verməsi ilə başlayan hərəkatın
son hədəfi artıq bəllidir: Dağlıq Qarabağın Ermənistanın işğalından
qəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilk
gündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq
Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistanın
qeyd-şərtsiz çıxması ilə dayandırılacaq. Hələ də eyni mövqedəsiniz,
düzgünmü anlayıram?

-Bəli, mənim mövqeyimdə hər hansı bir dəyişiklik yoxdur. Biz bu
məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu
deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi
sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda,
biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş
etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin
həllini mümkün edir. Orada göstərilir ki, mərhələli həll olmalıdır.
İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha
iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağın
ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, o
cümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpa
edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət
başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və
beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu,
beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan
bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə
ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə
başlamalıyıq.

-Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var – Amerika
Birləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs çağırışı
etdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyi
təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin
çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı
varmı?

-Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Mən bunu
sizə bu gün bir daha dedim. Hətta biz ona da hazırıq ki, əgər bizə
erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri
verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da
bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil.
Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi
şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və
zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl
etməyə bilər. Yəni o, çox çətin bir prosesdir. Ancaq əgər o çıxma
tarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zaman
Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr
buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son
qoyula bilər.

-Mümkün olan ölkələr deyərkən nəyi nəzərdə
tutursunuz?

– Türkiyəni. Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük
potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın
qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə
bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim
bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından
təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab
Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə. Türkiyənin ilk
saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə
öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz – bütün
Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni
zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün
Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki,
biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq.
Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir
və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan
sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh
prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər
tez olsa, o qədər də yaxşıdır. Məhz, bizim fikrimiz bundan
ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı
sülh təmin edilə bilər.

-Cənab Prezident, Minsk qrupunun həmsədrləri deyərkən
Fransanı ayrı bir yerə qoyursunuz.

– Fransa özünü ayrı yerə qoyur, mən qoymuram. Bütün prosesdə biz
həmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımda
demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var,
təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni
zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu
ölkələr deməliyəm ki, bütün proses boyunca son olaylara qədər vahid
bir mövqedən çıxış edirdi, bitərəf idi, yəni tərəf tutmurdu.
Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var.
Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç
zaman bunu göstərmirdilər.

– Fransa Prezidenti Makronu üzr istəməyə dəvət
etdiniz.

– Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan
şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir.

-Hansı ittihamları?

– Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları
gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında
demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz
buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir
dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki,
bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi
abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi
yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim
yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün
müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan
Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”
sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər
üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.

-Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
bu məsələ ilə bağlı tarixi qərarları var.

-Təbii, özü səs vermişdi. Özü 1993-cü ildə səs vermişdi, yəni öz
səsinə hörmət etsin.

– İcazənizlə, daha bir neçə sualım olacaq. İstər cəbhə
xəttinə uzanan quru yolları üzərində, istər olduğumuz şəhər və
kəndlərə baxdığımızda, istərsə də paytaxt Bakıda dünən axşam gördük
ki, Azərbaycan bayrağının yanında Türkiyənin bayrağı dalğalanır.
Evlərdə, iş yerlərində, avtomobillərdə, hər yerdə. Türkiyədə də
bənzər bir mənzərə var, bəlkə xəbərlərdə görmüsünüz. Cəbrayıldakı
zəfərdən sonra Türkiyənin dörd bir yanında küçələrə axışıb qardaş
Azərbaycana böyük dəstək nümayişləri var idi
.

-Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız
əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz
ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri
üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi
demişdim. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki,
bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə
yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi.
Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə
əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza
əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki,
biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan
birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər
yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi
bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu
göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə
olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin
çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq
oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə
yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün
mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və
bizim birliyimiz əbədi olmalıdır.

– Bu arada, Pakistanı da xatırlatmaq istəyirəm. Onların
da bayraqlarını hər bir yerdə görürəm. Rusiya harada durur Sizcə?
Çünki Rusiya xüsusi bir önəmə sahibdir.

– Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş
ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə
ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan
oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi.
Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü
bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi
bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.

Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla
inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan
arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu
münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və
bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ
ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır.
Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək
müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi.
Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də
Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda
Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də
hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi
Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə
müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə
yardım edin. İyul ayında, niyə onlar bu təxribatı
Ermənistan-Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağ
bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri
var idi – bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini
keçək, – mən dedim bizdə belə bir fürsət var idi, – və ondan sonra
müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana
qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu,
növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq.

– İyul ayında Ermənistan Tovuza hücum edərkən daha başqa
bir şeyi hədəfləmiş ola bilərdimi? Misal üçün, hədəfdə enerji
təhlükəsizliyini zəiflətmək ola bilərdimi? TANAP,
Bakı-Tbilisi-Ceyhan xətləri ağlıma gəlir.

– Bəli, təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi.
Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ
ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur
layihələrimizi vurmağa hazırdırlar – Səngəçal Neft-Qaz Terminalı və
boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi
ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada
onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan
torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq,
yaxud da ki, onu nəzarətə almaq idi. Ancaq bu, alınmayanda geri
çəkildilər, bütün vasitəçilərdən imdad dilədilər. Mən də söylədim
ki, Ermənistan torpaqlarında bizim hədəfimiz yoxdur. Ona görə dörd
gündən sonra hücum dayandı.

Başqa bir səbəb ola bilər. Mən bununla bağlı öz fikirlərimi
bildirmişdim. Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm
siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi
əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət
liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının
sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki
keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst
toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə
məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində
artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri
yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək,
strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti
sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək
və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək.

-Hörmətli Prezident, icazənizlə son iki sualımı vermək
istərdim. İndi bu cür münaqişə, savaş və böhranların olduğu
bölgələrdə qara təbliğat da meydana çıxır. Ermənistan hücumlarını
başladığı gündən etibarən bu mövzuda – qara təbliğat mövzusunda nə
kimi müşahidələriniz oldu. Dəyərləndirmənizi xahiş edə
bilərəmmi?

-Bilirsiniz, Azərbaycana qarşı qara təbliğat bir dəqiqə, bir
saniyə dayanmır. Bunun bir neçə səbəbi var. Birincisi, erməni
lobbisi bizə qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizim
üstümüzə ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanmır.
Dünyanın bir çox ölkələrində erməni lobbiləri var. Bu, heç kəs üçün
sirr deyil. Müntəzəm olaraq mütəmadi qaydada bizə hücum edirlər.
Olmazın yalanlarını, iftiralarını uydururlar. Bu münaqişə dönəmində
təbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və bizə qarşı
yeni qara təbliğat səylərini ortaya qoyubdur. Ancaq bizə yapışmır.
Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədən
Fransa prezidentinə, – o mənə telefonla iki dəfə zəng etmişdi, –
dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir.

– Makron nə deyir?

– Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedim
verin bizə, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola da
bilməz.

– Sizin kəşfiyyatınız Ermənistanla bağlı nə
deyir?

– Hansı mövzuda?

– Əlinizdəki kəşfiyyat materiallarında, Ermənistandakı
xarici güclərdən bəhs edilir. Livandan, Suriyadan
gələn…

-Bizdə təbii ki, belə məlumatlar var və bu məlumatlar əsaslıdır,
artıq onlar dəqiqləşdirilir. Biz çox məsuliyyətli dövlət olduğumuz
üçün rəsmi bəyanatlarda buna toxunmuruq. Təbii ki, mediada, ondan
sonra siyasətçilər, politoloqlar arasında belə məlumatlar dolaşır.
Amma biz bunu gərək təsdiqləyək. Bizdə əvvəldən kəşfiyyat məlumatı
var idi ki, Dağlıq Qarabağa terrorçular gətirilib yetişdirilir,
onlara təlim keçilir.

-Hansı terror qruplaşmaları?

-PKK terror qruplaşmaları. Bu barədə çoxlu məlumatlar var idi.
Hələ bir neçə il bundan öncə biz bu məsələni beynəlxalq
platformalarda qaldırırdıq. Onlar təlim alır və istisna edilmir ki,
bu gün də var. Sadəcə olaraq, mənim əlimdə yüzdə yüz fakt olandan
sonra bunu deyəcəyəm. Bu gün ehtimal çox böyükdür. Amma
Ermənistandan və bəzi başqa ölkələrdən fərqli olaraq biz 100 faiz
təsdiqini tapmamış məlumatı ortaya atmırıq.

Bir misalı da gətirə bilərəm, bizə qarşı iddia qaldırdı ki,
Türkiyənin F-16 təyyarəsi Ermənistanın SU-25 təyyarəsini vurdu.
Dedim ki, sübut verin. Bizdə məlumat var, bunu bütün bu qara
təbliğatın üzvləri ortaya atdılar. İndi özləri gördülər ki, bu,
yoxdur. Amma bir adam bizdən üzr istədimi? Xeyr. Bizə böhtan
atdılar, ləkə vurdular, ondan sonra gördülər ki, bu, yalandır. Amma
üzr istə.

-Bəli, silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan
Ordusunun sərəncamına verilməsi yanılmıramsa bu hərəkatın gedişinə
çox təsir etdi.

– Doğrudur. Bunun çox böyük təsiri var. Maşallah, bu silahlı
uçuş aparatları dünyanın ən yüksək səviyyəsində olan aparatlardır
və onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük
dərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdı
və eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasına
gətirib çıxardı. Çünki əgər bu imkanlar bizdə olmasaydı,
Ermənistanın Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda 30 il
ərzində qurduğu istehkamları, tankları, topları, yaylım atəş
qurğularını məhv etmək daha çətin ola bilərdi. Daha çox insan həlak
ola bilərdi. Ona görə bu mükəmməl texnoloji intellektual məhsul
Türkiyə xalqının potensialını göstərir. Biz o ölkəyik ki, bizim
Türkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbəxt ölkəyik ki, bizim
Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin
bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə
sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu
bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur.
Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü,
hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini
qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə
heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir. Biz
özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz
ərazi bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin
torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır.
Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər.
İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq
vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan
özü bunu edəcək.

– Gəncəyə hücumda bir erməni vətəndaşınızın yaralandığı
məlumatını paylaşdım. Bu arada, cəbhədə gecə və gündüz müşahidə
aparmaq imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəng
etdiyinizi bizə söylədilər.

– Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasını bir
daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana zidd
olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq
qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin
içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan?
Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların
qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət
əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz.
Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər
şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar.
Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə
getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər
şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər
deyil.

O ki qaldı mənim komandirlərə telefonla zəng etməyimə, təbii ki,
onlar tarixi ədaləti bərpa edirlər. Onlar öz həyatlarını risk
altında qoyurlar. Onlar qəhrəmandırlar və onlar torpaqlarımızı
xilas edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldan azad
edilməsi çox böyük strateji önəm daşıyır. Qəsəbə o qədər böyük
olmasa da, bunun strateji önəmi çox böyükdür. Oranı götürmək çox
çətin bir işdir. Bunu hər bir hərbçi deyər. İnanılmaz çətin bir
işdir. Amma o götürüldü, Madagizdə indi Azərbaycan bayrağı
qaldırıldı və həmin gün o qəsəbəyə tarixi adı qaytarıldı –
Suqovuşan. Bu, bizim tarixi adımızdır.

Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki
bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi
dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm.
Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq
Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik.
Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan
əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət
göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir.
İnşallah sona qədər irəliyə gedəcəyik.

-Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycana
qaytarılandan sonra orada yaşayan ermənilərə nə
deyəcəksiniz?

-Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizim
yaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlarla
görüşdüm. Onlara təşəkkürümü bildirdim və eyni zamanda, onlarla
görüş əsnasında erməni xalqına müraciət etdim. Anlayırdım ki,
onların yanında bunu demək o qədər də asan deyil, çünki onlar
ermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı ilə
işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb
etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində
bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız
azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda
yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə
yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu gün
Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi,
Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri
də milliyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən
yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç
bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir.
Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox
vədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim
tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki,
artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülki
insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və
Azərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilər
və azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300
minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar bir
kənddə yaşayırlar. Onların arasında problem yoxdur. Türkiyədə,
Rusiyada, – Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 700 minə
yaxındır, – bir yerdə yaşayırlar. Heç bir problem yoxdur. Nə üçün
burada yaşamasınlar? Onsuz da yaşayıblar bir yerdə. Mənim
xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa –
Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı.
Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri
şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir
dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir.
Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir
problemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq.
Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda
yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə
tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra
bizim xalqlarımız barışacaq.

-Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti
olubmu, olubsa nə idi?

-Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam
etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk
dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər
Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun
Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə –
istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o
cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da
təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Dağlıq
Qarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən
qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının
maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o
xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç
vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu
gün də deyirəm – Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın
ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm
ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti
yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü
bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

-Bir millətin iki dövlətindən Azərbaycanın Prezidenti
cənab İlham Əliyevə çox təşəkkür edirəm. Belə bir vəziyyətdə,
müharibə şəraitində bizi qəbul etdiniz. Bir Ali Baş Komandan
olaraq, sağ olun.

-Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda siz
atamın çox məşhur kəlamını yada saldınız, Heydər Əliyevin
sözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur –
Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan – tək millət, iki
dövlət.

– Çox təşəkkür edirəm.

-Sağ olun. Təşəkkürlər.