Kopenhagen görüşləri Azərbaycanın qlobal siyasətdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun göstəricisidir – Vüqar Rəhimzadə

Baş səhifə

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir.
Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlət
başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say
tərkibinə diqqət yetirsək, ölkəmizin dünyada nüfuzunun daha da
artdığını aydın şəkildə görərik. Açıq və çoxşaxəli xarici siyasət
kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları ilə
əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yeni
dostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha da
genişləndirir.

Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin
uğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə,
əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin
oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək
üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qitənin
ölkələri arasında siyasi əlaqələndirmə platforması olan “Avropa
Siyasi Birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli
üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa
qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını
gücləndirməkdir. Bu çağırışların hər biri Azərbaycanın xarici
siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırkı dövrdə yeni
dünya nizamının formalaşdığını da nəzərə alsaq ölkəmizin ədalətə və
beynəlxalq hüquqa əsaslanan mövqeyinin, hadisələrə praqmatik
yanaşmasının həm region, həm də dünya üçün nə qədər önəmli olduğunu
görə bilərik. Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısı
çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi
çoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycanın
sülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqton
razılaşmalarının əldə edilməsinə gedən yol, ən əsası dayanıqlı
sülhün və təhlükəsizliyin təmin edilməsi ilə regionda, dünya
siyasətində yeniliklər oldu. Ədalətli dünyanın formalaşması bütün
dövrlər üçün Azərbaycanın əsas çağırışı olub. Bu gün ölkəmizin
qlobal problemlərin həllinə davamlı töhfələri də özündə mühüm
məqamları ehtiva edir.

Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın yerləşdiyi
coğrafi məkan daim ölkələr, xalqlar arasında dostluq körpüsü
yaratmağını şərtləndirir. Dövlətimizin xarici siyasətində Avropa
təşkilatları, dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2022-ci
ildən başlayaraq keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə
toplantılarının hər birinə dövlətimizin başçısı İlham Əliyevin
dəvət edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində
möhkəmlənən yerinin, qlobal siyasi proseslərdə artan rolunun və
ölkə Prezidentinin böyük nüfuzunun, ona olan hörmət və ehtiramın
göstəricisidir. Prezident İlham Əliyev Danimarkanın paytaxtı
Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə
toplantısının açılış mərasimində, həmçinin plenar sessiyada iştirak
etdi. “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının
iştirakçılarının say tərkibi tədbirin əhəmiyyətini, burada müzakirə
olunan məsələlərin aktuallığını təsdiqlədi. Zirvə toplantısında
ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak
etdilər. Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi
masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna
müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid
təhlükələr kimi mövzular müzakirə olundu. Dövlətimizin başçısı
Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri
əsasında Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya
Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna
Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik
Sxof, Fransa Respublikasının Prezidenti Emmanuel Makron,
Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının
Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Antonio Koşta və
Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla
Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə
edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda
davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını
bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün
dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini
bildirdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, görüşlərdə diqqət göstərilən
məsələrdən biri də dünyanın enerji təhlükəsizliyinin təmin
olunmasına Azərbaycanın verdiyi töhfələr oldu. Ölkəmizin
iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın
enerji xəritəsini dəyişdiyi, həm iştirakçı, həm də digər ölkələrin
dayanıqlı iqtisadi inkişafına geniş imkanlar yaratdığı diqqətə
çatdırıldı. Hazırda Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi
əməkdaşlığın coğrafiyasının genişlənməsində nə qədər maraqlı
olduğunun göstəricisi kimi önə çəkildi. Bu mühüm məqam da xüsusi
qeyd edildi ki, hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının
8 üzv dövləti Azərbaycan qazını alır. Bu, Avropa İttifaqının enerji
təhlükəsizliyinə mühüm töhfədir. Dövlətimizin başçısı keçirilən
görüşlərdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu
qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də danışdı və
hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat
daşımalarının həcminin artdığını bildirdi. Azərbaycan- Avropa
İttifaqı əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğu
qeyd edildi.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin dünyada
yüksək nüfuzu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan
siyasəti, tam iqtisadi və siyasi müstəqilliyi, təkmil inkişaf
modeli beynəlxalq aləmdə mövqeyinin günbəgün möhəmlənməsini
şərtləndirir. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının
yaratdığı reallıqlar fonunda Azərbaycanın dünyada söz sahibliyinin
daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Prezident İlham
Əliyevin istər BMT Baş Assambleyasının 80-cı sessiyası, istərsə də
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində
ABŞ-da və Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirdiyi
çoxsaylı görüşlərdə səsləndirdiyi çağırışlar yeni dünya nizamı üçün
böyük əhəmiyyət kəsb edir. Bərabərhüquqlu, qarşılıqlı hörmət və
maraqlar prinsipi əsasında qurulan əlaqələrin böyük gələcəyə malik
olduğu həmin görüşlərin əsas hədəfi oldu.