Bakı. Trend:
ABŞ-nin Türkiyənin Rusiya enerji resurslarının idxalını
dayandırması ilə bağlı çağırışlarına baxmayaraq, Türkiyə Rusiyadan
təbii qaz almağa davam edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə energetika naziri
Alparslan Bayraktar deyib.
“Rusiya ilə müqavilələrimiz var. Qış mövsümü yaxınlaşır. Biz
vətəndaşlarımıza qazın olmadığını deyə bilmərik. Qazı Rusiyadan,
Azərbaycandan, Türkmənistandan almalıyıq”, – nazir bildirib.
O qeyd edib ki, Türkiyə öz ehtiyaclarına görə enerji
qaynaqlarını idxal edir.
Bundan əvvəl məlumat verilib ki, ABŞ prezidenti Donald Tramp
sentyabrın 25-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla
Vaşinqtonda keçirdiyi görüşdə Türkiyəni Rusiyanın enerji
resurslarının alınmasını dayandırmağa çağırıb.

