TÜRKPA 100 illik yubileyi münasibətilə Bəxtiyar Vahabzadənin dostlarını bir araya gətirib

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin 29-30 sentyabr tarixlərində TÜRKPA tərəfindən Yunus
Əmrə İnstitutunun Bakı Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şəki filialının dəstəyi ilə Bakı və Şəki
şəhərlərində 100 illik yubileyi münasibətilə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq,
ədəbiyyatşünas, pedaqoq, ictimai xadim, akademik, Azərbaycanın Xalq
şairi Bəxtiyar Vahabzadənin dostlarının görüşü təşkil edilib.

Trend xəbər
verir ki, tədbirə millət vəkilləri, Bəxtiyar Vahabzadə ilə dost
olmuş və onunla şəxsən tanış olmuş görkəmli dövlət və ictimai
xadimlər, beynəlxalq təşkilatların, elmi və mədəni dairələrin
nümayəndələri, habelə Bəxtiyar Vahabzadənin ailə üzvləri
qatılıblar.

Sentyabrın 29-da iştirakçılar Fəxri xiyabanda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Bəxtiyar
Vahabzadənin məzarlarını ziyarət ediblər. Daha sonra iştirakçılar
Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirin Bakı hissəsi TÜRKPA Katibliyində baş tutub. TÜRKPA-nın
Baş katibi Mehmet Süreyya Er salamlama nitqi ilə çıxış edərək, sözü
tədbirin Bakı hissəsinin moderatoru, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və
humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədova verib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov,
Azərbaycanın Xalq şairi, ictimai və siyasi xadim Sabir Rüstəmxanlı
və Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin sədri,
siyasətçi, keçmiş millət vəkili İbrahim Ertan Yülek də tədbirin bu
hissəsində çıxış ediblər.

Tədbirin ikinci və əsas hissəsi sentyabrın 30-da Bəxtiyar
Vahabzadənin doğma yurdu Şəkidə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şəki filialının ev sahibliyində baş tutub.

Tədbirin Şəki hissəsinə Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr
komissiyasının üzvü Cavanşir Feyziyev moderatorluq edib.




Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki
filialının direktoru Vurğun Məmmədov, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq
əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev, TÜRKPA-nın Baş
katibi Mehmet Süreyya Er, Türkiyə Respublikasının Azərbaycan
Respublikasındakı səfiri Birol Akgün, Türk Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasının üzvü, dövlət xadimi Həsən Həsənov, Türkiyənin
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin sədri, siyasətçi, keçmiş
millət vəkili İbrahim Ertan Yülek, Türkiyə Böyük Millət Məclisinin
millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr
komissiyasının sədri Osman Mesten, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Əli Məsimli, Türkiyə Böyük Millət Məclisinin
millət vəkili, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar
məsələlər komissiyasının üzvü, Türkiyə Respublikasının keçmiş milli
təhsil naziri Mahmut Özer, Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Vüqar İskəndərov, Türkiyə Böyük Millət Məclisinin millət
vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr
komissiyasının üzvü Filiz Kılıç, Türkiyə Böyük Millət Məclisinin
millət vəkili, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və
sağlamlığın qorunması komissiyasının üzvü Kadim Durmaz, Daşkənd
Tətbiqi Elmlər Universitetinin professoru Kozakboy Yuldaşev,
Qırğız-Türk Manas Universitetinin Xarici Dillər Ali Məktəbinin baş
müəllimi, qırğız şairi Altınbek İsmailov, Özbəkistanın əməkdar
mədəniyyət işçisi, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin
dosenti Tohir Kaxxorov, Kafkas Universitetinin professoru Mitat
Durmuş, Özbəkistanın Namanqan vilayətinin “Murabbiy” qəzetinin baş
redaktoru, şair Dilbarxon Xaydarova, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının baş
müəllimi Vaqif Aslan, İstanbul Universitetinin Hüquq fakültəsinin
dekanı Fethi Gedikli, Azərbaycan yazıçısı, hüquqşünas İkram
Abdullayev, Gəncliyə Yardım Fondunun nümayəndəsi Eldar Kərimov və
Bəxtiyar Vahabzadənin nəticəsi Çingiz Sadıqov çıxış ediblər.

Çıxışı zamanı Baş katib Mehmet Süreyya Er bu ildönümünün türk
dünyasının ədəbi, mədəni və intellektual tarixində özünəməxsus yer
tutan, dərin düşüncələri ilə ədəbi-fəlsəfi irsimizi zənginləşdirən
böyük şairin ruhuna və irsinə bir daha ehtiramın ifadə edilməsi
üçün mühüm fürsət olduğunu bildirib. O, əsərlərində azadlıq
ideallarına, milli ruh və birliyə, istiqlal məfkurəsinə sədaqəti
təcəssüm etdirən və tarixin çətin dövrlərində poeziyası həqiqət və
vicdanın səsinə çevrilərək qəlblərə cəsarət, qürur və ümid aşılayan
Bəxtiyar Vahabzadənin türk dünyasının böyük oğlu olduğunu
vurğulayıb.

Bəxtiyar Vahabzadə yaradıcılığının ədəbiyyat və mədəniyyətin
birliyimiz üçün necə güclü körpülər olduğunu bizə xatırlatdığını
ifadə edən Baş katib böyük şairin qələmi ilə türk dünyası
ədəbiyyatına verdiyi qiymətli töhfələr, elmi-pedaqoji fəaliyyəti
ilə yanaşı, xalqına millət vəkili kimi də xidmət etdiyini qeyd
edib. O bildirib ki, belə ildönümlərinin qeyd olunması həmçinin
ortaq kimlik hissinin gücləndirilməsi, mədəni bağların
dərinləşdirilməsi, onların müdrikliyinin, fikir və düşüncələrinin
gənc nəslə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb
edir.

Çıxışının yekununda Baş katib Bəxtiyar Vahabzadənin ölməz
əsərlərinin xalqlarımızı ilhamlandırmağa və türk birliyinin
möhkəmlənməsinə töhfə verməyə davam edəcəyinə əminliyini ifadə
edib.

Tədbir iştirakçıları vətənə, doğma dilə məhəbbət, əxlaqi
dəyərlərə sədaqət və türk xalqlarının qardaşlığına sarsılmaz inam
kimi dəyərlərin inkişafı və təşviqində Bəxtiyar Vahabzadə
yaradıcılığının rolunu vurğulayıblar. Şairin dostları və şair ilə
şəxsən tanış olmuş iştirakçılar onunla keçirdikləri vaxt və şairlə
şəxsi ünsiyyətləri ilə bağlı səmimi xatirələrini bölüşüblər.
İştirakçılar iftixarla qeyd ediblər ki, şairin yaradıcılığı və
şəxsiyyətinin unikallığı bütün türk dünyasında yüksək
qiymətləndirilir.

Tədbir çərçivəsində iştirakçılar Bəxtiyar Vahabzadənin
ev-muzeyini həmçinin Şəki Xan Sarayını ziyarət ediblər. Bəxtiyar
Vahabzadənin ev-muzeyində iştirakçılar şairin həyat və yaradıcılıq
yolunu əks etdirən şəxsi əşyaları, əlyazmaları, fotoşəkilləri və
zəngin ədəbi irsi ilə tanış olublar. Tədbir Bəxtiyar Vahabzadənin
Şəkidəki abidəsi önünə gül qoyulması ilə başa çatıb.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci ildə
imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil edilən tədbirlərlə
qeyd olunur. Bəxtiyar Vahabzadənin dostlarının görüşü türk
dünyasının böyük şairinin 100 illik yubileyinin qeyd olunmasına
töhfə vermək məqsədilə və türk dövlətləri arasında mədəni
əməkdaşlığın təşviqi, mənəvi bağların möhkəmləndirilməsi
çərçivəsində təşkil edilib.